İraqda bir çox bölgələri ələ keçirən "İraq və Şam İslam Dövləti” (İŞİD) yaraqlıları neft terminallarını və neftayırma zavodlarını tutmaq üçün şiddətli döyüşlər aparır.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD yaraqlıları ölkənin ən iri neftayırma zavodunun yerləşdiyi Beyci şəhərinə hücumları davam etdirir.
Beyci neftayırma zavodunda şiddətli yanğın başlayıb. İki həftədir ağır döyüşlərin getdiyi şəhərə nəzarət əldən-ələ keçir. İraq təhlükəsizlik qüvvələri neft terminalını ələ keçirməyə çalışan yaraqlılarla bacara bilmir.
Beyci neftayırma zavodunun işini dayandırması nəticəsində İraq Kürdüstanında yanacaq qıtlığı yaşanır. İraq Kürdüstanı bölgə hökuməti yanacaq qıtlığını aradan qaldırmaq üçün Azərbaycan və İrandan yanacaq idxal etməyi planlaşdırır. Digər alternativ də Türkiyədən yanacaq idxal edilməsidir.
Lakin yanacaq tankerlərlə nəql edilməlidir. Hazırda Türkiyə ilə İraq arasındakı sərhəd-keçid məntəqələrində yaşanan sıxlıq yanacaq daşıyan tankerlərin hərəkətini çətinləşdirəcək.
Xatırladaq ki, İraq Kürdüstanı Azərbaycandan əvvəllər də yanacaq alıb. Bu yanacağı İraqa "Azersun” holdinqə daxil olan şirkətlərdən biri çatdırırdı.
.