Belarusun Xarici İşlər Nazirliyi ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Svetlana Tixanovskaya arasında keçirilən görüş səbəbindən rəsmi İrəvana etiraz notası verib.
“Reform news” portalı xəbər verir ki, bu barədə informasiyanı Belarusun Xarici İşlər Nazirliyi yayıb.
Məlumata əsasən, Ermənistanın bu ölkədəki müvəqqəti işlər vəkili Narek Tiraturyan nazirliyə çağırılıb və ona yuxarıda bəhs olunan görüşlə bağlı etiraz notası verilib.
Qeyd edək ki, Vilnüsdə baş tutan və rəsmi Minskin etirazına səbəb olan görüşdə müxalifət lideri Tixanovskaya Belarus hakimiyyəti və şəxsən prezident Aleksandr Lukaşenko ilə bağlı qətiyyətli mövqeyinə görə rəsmi İrəvana təşəkkür edib.
O, həmçinin Belarusdakı demokratik qüvvələrlə Ermənistan arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini bildirib.
Qeyd edək ki, iyunun 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus hakimiyyətinin ölkəsinə qarşı mövqeyi səbəbindən Aleksandr Lukaşenko hakimiyyətdə qaldığı müddətdə adı çəkilən dövlətə səfər etməyəcəyini açıqlayıb.
İyunun 14-də isə Ermənistanın Xarici İşlər Nazirliyi Belarus Xarici İşlər Nazirliyi mətbuat katibinin Ermənistan barədə fikirlərini ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirərək, adı çəkilən ölkəyə rəsmi etiraz notası təqdim edib.
.