Bu gün Bakı Dövlət Universitetin (BDU) tələbələri etiraz aksiyası keçirib. Əməkdaşımızın verdiyi xəbərə görə, polis qüvvələri aksiya keçirən tələbələri sıxışdıraraq universitet ərazisindən çıxarıb və "Elmlər Akademiyası" metrostansiyasına qədər təqib edib. 10 nəfər tələbə saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə aparılıb. Polislər bir neçə yerdə aksiyanı çəkən jurnalistlərə qarşı kobudluq edib, onlardan bəzilərini vurub. Aksiyada 300-500 arasında tələbə iştirak edib. BDU tələbələri ilə yanaşı aksiyada başqa universitetlərin tələbələri də iştirak ediblər. Texniki Universitetin və Memarlıq Universitetinin tələbələrinin bir çoxu hətta hasarın üstündən aşaraq aksiyaya qatılıb.
BDU-nun mətbuat xidmətindən aldığımız məlumata görə, aksiyaya polislərin cəlb edilməsinə gəlincə, bu, mediada qələmə verildiyi kimi, sırf BDU-dakı aksiya ilə bağlı deyil. Xidmətin əməkdaşı bildirib ki, bu gün Qazaxıstan parlamentinin sədri BDU-da universitetin rəhbərliyi ilə görüş keçirəcək və 25 nəfərlik polis briqadası hörmətli qonağa görə BDU-ya gəlib.
.
