Son illər Bakı Dövlət Universiteti (BDU) əməkdaşlarının əmək şəraitinin və maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, ölkə prezidentinin Nazirlər Kabinetinin iclasındakı nitqini və bununla əlaqədar qarşıda duran vəzifələri müzakirə edən universitetin Elmi Şurası büdcə imkanlarını nəzərə alaraq, BDU-nun bütün əməkdaşlarının əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb.
Bu qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb. Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq ayda 100 manat artırılması barədə də qərar qəbul edilib.
