"Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi Qasım İbrahimov işdə yol verdiyi səhvlərə görə vəzifəsindən azad edilib”.
Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.
"Təşkilata daxil olan məlumatda deyilir ki, Qasım İbrahimov vəzifəsindən çıxarılıb. Qasım İbrahimov Moskva Baytarlıq Akademiyasını bitirib. Yəni ixtisasca baytardır” - deyə hüquq müdafiəçisi söylədi.
M.Qəhrəmanlı qeyd etdi ki, ARDNŞ-in Sosial İnkişaf İdarəsinin ləğv olunacağı gözlənilir: "Təşkilatın ötən il irəli sürdüyü təkliflər arasında Sosial İnkişaf İdarəsinin ləğv olunması da vardı. Çünki bu idarənin funksiyasını həyata keçirən oxşar şöbələr var”.
M.Qəhrəmanlı vurğulayıb ki, yanvara qədər bu idarə olmayacaq: "İşsiz qalanların məsuliyyəti ARDNŞ rəhbərliyinin üzərinə düşür. Qeyd edim ki, artıq idarənin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat İşləri Departamenti ləğv olunub. Həmin departamentin 400 əməkdaşı işsiz qaldı. Epidemologiya və Gigiyena Mərkəzi şirkətin Ekologiya İdarəsinin tərkibinə verilir. Bu idarə də sonradan yaradılıb. Şirkətin Ekologiya Departamenti, bu struktura daxil olan idarələrin isə ekologiya şöbələri var. Bundan əlavə, "Ekol” birgə müəssisəsi də var. Şirkət isə ətraf mühitə ziyan vurmaqda davam edir. "Neftçi” idman-sağlamlıq mərkəzi isə birbaşa şirkətin tabeliyinə verilir”.
.
