Bayram günlərində Azərbaycanda 2 156 sığorta hadisəsi qeydə alınıb.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib. Qeyd edilib ki, 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixlərində ölkə üzrə 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2 156 sığortalı müraciəti daxil olub.

Müraciətlərin 1 876-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 260-ı “Kasko”, 15-i “Daşınmaz əmlakın icbari sığortası”, 5-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə qeydə alınan sığorta hadisələri ilə bağlı olub.

Məlumata əsasən, 1 237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat həcmində müəyyənləşdirilib. Qalan 919 hadisə üzrə zərərin qiymətləndirilməsi prosesi davam edir.

Hazırda bütün müraciətlər tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 2 milyon manatı ötəcəyi ehtimal edilir.

Bildirilib ki, hesabat dövründə sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70%-i Bakı şəhərində30%-i isə respublikanın şimal dağətəyi ərazilərində qeydə alınıb.

.