Müsavat Partiyasının başqanı, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri İsa Qəmbər bu gün mətbuat konfransı keçirir.
Virtualaz.org xəbər verir ki, Müsavat Partiyasının mərkəzi qərargahında baş tutan mətbuat konfransı Müsavatın sabaha təyin olunan VIII qurultayı ilə bağlı keçirilir.
Mətbuat konfransında müsavatçılarla yanaşı Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal da iştirak edir.
Konfransda çıxış edən İsa Qəmbər qeyd etdi ki, sabah keçiriləcək VIII qurultay Müsavatın tarixində böyük önəm daşıyır. O, qurultayla bağlı yüksək səviyyədə hazırlıq işlərinin aparıldığını da diqqətə çatdırdı.
İ.Qəmbər yeni başqan seçiminin demokratik və düzgün yarışla keçiriləcəyini vəd edərək bildirdi ki, bu seçki demokratik seçki nümunəsi olacaq, azad, demokratik seçkilərin mümkünlüyünü sübut edəcək .
İ.Qəmbər qeyd etdi ki, qurultayda partiyanın nizamnaməsində dəyişikliklər ediləcək, fəaliyyət istiqaməti ilə bağlı yeni qərarlar veriləcək.
Bir məqamı da qeyd edək ki, mətbuat konfransında Müsavat Partiyası başqanlığına 4 namizəddən yalnız Arif Hacılı iştirak edirdi. Başqanlğa digər namizədlər Tural Abbaslı, Qubad İbadoğlu və Səxavət Əlisoy tədbirə qatılmamaşdılar.
Bunun səbəbini virtualaz.org saytına açıqlayan Arif Hacılı bildirdi ki, konfransda iştirak könüllüdür və digər namziədlərin iştirak etməməsinin səbəbini bilmir.
İsa Qəmbər başqanlığa namizədlərdən yalnız Arif Hacılının mətbuat konfransında iştirak etməsinə münasibət bildirib. O, Arif Hacılıya mətbuat konfransında iştirak etdiyi üçün təşəkkür edib: "Digər namizədlər qərargahda olsaydılar, konfransda iştirak edərdilər. Ancaq namizədlərin konfransda iştirak etməsi şərt deyil. Virtualaz.org saytı problemi başqa yerdə axtarsın”.
İsa Qəmbər bu qurultaydan sonra keçiriləcək növbəti qurultayda başqanlığa namizəd olub-olmayacağı ilə bağlı suala da cavab verdi. O bildirdi ki, nizamnamə onun yenidən başqanlığa namizəd olmasını qadağan etmir: "Mən növbəti qurultayda başqanlığa namizəd ola bilərəm. Amma məncə, yeni başqan elə işləyəcək ki, buna ehtiyac olmayacaq”.
İsa Qəmbər namizədlərin apardığı seçki kampaniyasından da danışdı və onların seçki kampaniyasını yüksək səviyyədə apardığını dedi: "Arif bəyin seçkilərlə bağlı kifayət qədər təcrübəsi var. Qubad bəy QHT sədri olaraq bir çox seçkilərdə iştirak edib. Tural bəy də aktiv seçki kampaniyası aparır. Səxavət bəy də çox orijinal seçki kampaniyası aparır”.
İ.Qəmbər başqanlığa namizədlər arasında öz namziədinin olduğunu, lakin bunu açıqlamayacağını bildirdi. Müsavat başqanı bu qərarı ətrafındakı dostlarının da məsləhəti ilə verdiyini bildirdi: "Mən hanısa bir namizədi dəstəklədiyimi açıqlasam, müsavatçılar həmin namizədin qalib olacağını düşünə, bu da fərqli fikirlərin yaranmasına səbəb ola bilər. Ona görə də namizədimi açıqlamamağı məsləhət bildik”.
İsa Qəmbər qurultaya heç bir siyasi partiyanın dəvət edilmədiyini söylədi: "Bu, Müsavatın qurultayıdır. Nə hakimiyyət partiyasından, nə də digər siyasi partiyalar dəvət edilməyib. Ancaq kimsə qonaq kimi iştirak etmək istəsə, buna etiraz edilməyəcək".
.