Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə "Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev və digər dindarların cinayət işi üzrə hökm oxunub. Hökmə əsasən Nicat Əliyev 10 il , Elvin Nəsirov 9 il, Ceyhun Səfərli 9 il, digər şəxslər isə 8 ildən 4 ilə qədər azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nicat Əliyev və daha 7 dindar - Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqi Emin, Məmmədov Səfər, Ceyhun Səfərli, Əliyev Əli 2012-ci il Bakıda keçirilən "Eurovision" musiqi yarışması ərəfəsində şəhər əhalisi arasında disk yaymaqda ittiham olunaraq həbs ediliblər. Diskdəki videorolikdə Azərbaycanda yarışmadan əvvəl "geyparad" keçiriləcəyi bildirilir və sosial problemlər, Qarabağ problemi, məmur özbaşınalıqları, dini qadağalar və s problemlərin yaşandığı ölkədə bu cür yarışmanın keçirilməsinin yolverilməz olduğu vurğulanır.
2012-ci il mayın 20-də saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Əksər beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları hesab edir ki, N.Əliyev dini mövqeyinə və "Eurovision”la bağlı sərt açıqlamalarına görə həbs edilib (bizimyol.info).
.
