Təəssüflər olsun ki, dünəndən bəri bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən əhalinin həssas olduğu mövzulara dair, xüsusilə yalandan çoxlu sayda şəhidlərimizin olması barədə süni ajiotaja səbəb olan, rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməmiş informasiyalar ictimailəşdirilir.

Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması məsuliyyətə səbəb olur.

"Hüquq-mühafizə orqanları hazırda koordinasiyalı fəaliyyət göstərir və bu tipli istənilən qanunsuz hərəkətin qarşısı alınacaq, qanunsuz hərəkətə yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaq.

 

Əminliklə bildiririk ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də vətəndaş-dövlət birliyini nümayiş etdirəcək və qanunsuz əməllərə yol verilməyəcək", - deyə K.Zeynalov əlavə edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

.