Ağdam sakini Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsinə dair təfərrüatlar araşdırılır.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir:
"Bəzi media qurumları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparmadan Nərgiz Nəcəfovanın Ağdam rayonu ərazisində itkin düşməsi faktına dair təhrif olunmuş məlumatlar yayılıb. Məlumatda bildirilir ki, qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur. Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatlarla bağlı bildirilir ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına dair bütün təfərrüatlar hərtərəfli araşdırılır. Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.
Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".
.