
Azərbaycan MDB dövlətləri ilə ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsinə böyük əhəmiyyət verir.
Bu barədə Baş nazir Əli Əsədov Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın MDB ölkələri ilə qarşılıqlı ticarətinin inkişafında artım müşahidə olunur: "Cari ilin 8 ayı ərzində Azərbaycanın MDB-yə üzv dövlətlər ilə qarşılıqlı ticarət dövriyyəsi 21 %-dən çox (4,7 milyard dollar) artıb. İqtisadiyyatın şaxələndirilməsi dövlətimizin prioritet vəzifələrindən biri olaraq qalır".
Ə.Əsədov əlavə edib ki, müasir nəqliyyat və logistika infrastrukturunun mövcudluğu beynəlxalq ticarət əlaqələrinin möhkəmləndirilməsində əsas rol oynayır.
Baş nazir bildirib ki, son illər ərzində Azərbaycan özünü Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzlərindən biri kimi təsdiqləyib.
"Biz nəqliyyat infrastrukturunun modernləşdirilməsi üzərində fasiləsiz iş aparırıq. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük əhəmiyyət veririk. Həmçinin, regionda yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni Zəngəzur dəhlizi üzərində aktiv işləməyə başlayırıq", - Baş nazir əlavə edib.
İqlim dəyişikliyi ilə bağlı qlobal çağırışlardan danışarkən Ə.Əsədov qeyd edib ki, Azərbaycan külək və hidroenergetika daxil olmaqla "yaşıl enerji" texnologiyalarına aktiv şəkildə investisiya yatırır.
"Biz "yaşıl enerji" sahəsində, xüsusilə də Mərkəzi Asiya dövlətləri ilə beynəlxalq əməkdaşlığı inkişaf etdiririk. Bu qarşılıqlı fəaliyyət çərçivəsində, bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsinə yönəlmiş əsas sazişlər və memorandumlar imzalanıb", - Baş nazir bildirib.
.