"Ramsfeld Fondunun fəaliyyətini təqdir edirəm. Bu Fondun məqsədi liderlər yetişdirməkdir. Belə qurumların dövlətlərarası münasibətlərin formalaşmasında böyük rolu olmalı, tənzimləmə prosesində iştirak etməlidir".

Bunu bu gün 2018 CAMCA Regional Forumunda çıxışında baş nazir Novruz Məmmədov deyib.

N. Məmmədov bildirib ki, Ramsfeld Fondu kimi qurumlar daha aktiv olmalıdır: "Belə olsaydı, yəqin ki, beynəlxalq münasibətlər indiki kimi gərgin olmazdı. SSRİ və Varşava Müqaviləsi Paktı dağıldıqdan sonra münasibətlər qısa müddətdə yaxşılaşdı. Daha sonra isə beynəlxalq münasibətlərdə gərginlik ortaya çıxdı. Bir çox incə məsələ var ki, gərək bunu beynəlxalq aktorlar nəzərə alsın. İnsanı yaxşı tanıyanda, müzakirələr effektiv ola bilər. Xalqa, ölkəyə, dövlətə olan münasibət isə daha mürəkkəbdir. Gərək bu halda digər tərəf də münasibətlər üçün daha çox məsələləri öyrənsin. Xalqın adət-ənənələrini, mentalitetini, keçmişini bilmədən o xalqla, dövlətlə fundamental əlaqələr qurmaq çətin olar".

Baş nazir qeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşir: "Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Bura Balkanlardan sonra dünyanın ən həssas regionudur. Mən Yaxın Şərqi bura daxil etmirəm. Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçdi. Azərbaycan bu günə qədər mövqeyini dəyişməyib. Bu istiqamətdə də çox böyük layihələr icra edib. Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu ilə birləşdirir".
Qeyd edək ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderlərə ayrılaraq onları altı həftə ərzində ABŞ paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirir. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib.

"Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edir. Enerji hər kəs üçün vacibdir".

Bunu da baş nazir Novruz Məmmədov bildirib.

N. Məmmədov deyib ki, Azərbaycan Avrasiya miqyasında enerji sahəsində ən böyük layihələr həyata keçirir: "TANAP və TAP layihələri uğurla icra olunur. Biz Azərbaycana daha böyük dəstək gözləyirdik. Amma bəzən böyük məqsədlər kiçik hisslərə qurban verilir".

Baş nazir qeyd edib ki, Azərbaycan sülhün, təhlükəsizliyin təmin edilməsi üçün böyük addımlar atıb: "Azərbaycan beynəlxalq aləmdə sivilizasiyalararası dialoqla bağlı böyük tədbirlər təşkil edir. Eyni zamanda Azərbaycan dinlərarası dialoqun da inkişafında mühüm rol oynayır, dinlərarası anlaşmada addımlar atır. Azərbaycan əslində birdən-birə belə olmayıb. Biz bu yaxınlarda - may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyət qurub, qadınlara səsvermə hüququ verib, balet yaradılıb.

19-cu əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq Azərbaycana münasibətdə bu ədaləti görə bilmirəm. Azərbaycana müəyyən dəstəklər verilib, ancaq bu, yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq Qərb mətbuatında 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı bir fundamental yazı görmək olmur.

Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər bu məsələ ilə bağlı normal münasibət ortaya qoyulmayıb. Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin liderləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ədalətli mövqe gözləyir.

21-ci əsrdə insan intellekti yüksək olsa da, beynəlxalq münasibətlərdə belə gərginliyin yaranması məntiqə sığmır. Çünki böyük dövlətlər geosiyasi maraqları əsas götürür. Bunun üzərinə hansı pərdəni çəkirsən çək, belə vəziyyət yaranır. SSRİ dağılanda dünyada 10 ölkədə gərginlik vardı, indi 50 ölkədə gərginlik var. Bu suala cavab tapıb, əməli addımlar ortaya qoyulmalıdır. Bir ölkədə vəziyyətin yaxşı olması həmişə hər şeyin yaxşı olacağı demək deyil".


.