Azərbaycanda dirçəlmək istəyən onlayın alış-verişə problemlər yaradılır
Hökumət nağdsız ticarəti təşviq edir, kommersiya qurumları isə onun əleyhinə gedir

Bu gün dünyanın bir çox ölkələrində insanlar alış-verişi elektron üsulla həyata keçirirlər. Yəni internet vasitəsilə onlayn şəkildə almaq istədikləri ərzaqı, məhsulu sifariş edib əldə edə bilirlər. Elektron ticarətin ənənəvi ticarətdən bir neçə üstünlüyü var. Əgər alıcılar üçün əsas üstünlük əlavə vəsaitə və vaxta qənaət edilməsidirsə, bu dükan üçün, əlavə işçilərə çəkiləcək xərclərə qənaət etməkdir. Həmçinin, elektron ticarət zamanı təklif olunan məhsullarla tanış ola biləcək insanların sayı daha çox olur. Bu cür ticarətin geniş yayıldığı ölkələrdə vergidən yayınma halları da azdır. Çünki ödəmə elektron üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur.
Azərbaycanda milli e-ticarət son on ildə formalaşmağa başlayıb.  Elektron ticarətin rəsmi anlayışı isə 2005-ci ildə bu sahədə qanunvericiliyin tətbiqindən sonra müəyyən edilib. İlk milli onlayn ödəniş sistemi kimi isə 2008-ci ildə "SilverkeyAzərbaycan" şirkəti tərəfindən təklif edilən "GoldenPay" sistemi ilə işləyən "hesab.az" internet ödəmə portalı fəaliyyətə başlayıb. Bundan başqa, "KomtecLtd" şirkəti (MilliÖN ticarət nişanı) tərəfindən "million.az" internet saytı vasitəsi ilə e-ödəniş xidmətləri təklif edir. Hazırda hər iki portal vasitəsi ilə şəbəkə marketinq, ödəmə kartları, elektron pul kisəsi, mobil və stasionar telefonlar, kommunal, ağıllı alış-veriş, kabel TV, bank, sığorta, lizinq, e-Mağaza və s. xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi mümkündür. Bundan əlavə, son dövrlər e-manat və e-pul kimi elektron ödəniş xidmətləri də istehlakçılara təklif edilir.
Daim onlayn alış verişdən istifadə edən Bakı sakini Leyla Məmmədova deyir ki, internet vasitəsi ilə aldığı məhsullar çox vaxt keyfiyyətli və rahat olur. Hətta son zamanlar dolların qiymətinin qalxmasından sonra da edilən alış-veriş mağazalara nisbətdə daha sərfəlidir: "Keçən il yayda "aliexpress"dən bir kofta sifariş etmişdim. 3 həftə ərzində sifarişim gəldi. Qiyməti də çox ucuz idi. Təxminən 8 manata başa gəlmişdi mənə. Bir müddət sonra həmin məhsulu "28 mall"dakı mağazaların birində gördüm. Eyni mal olub-olmamasını yoxlamaq üçün yaxınlaşdım. İçərisindəki etiketdən tutmuş, materialına qədər hər şey birə-bir eyni idi. Bircə qiyməti fərqli idi. Səhv etmirəmsə, 38 manat idi. Onlayn alış-verişin tək mənfi cəhəti xarici ölkədən malın uzun müddətə gəlib çıxmasıdır. Onu da öncədən sifariş etməklə lazım olan vaxta gəlib çıxmasını təmin etmək olar. Onu deyim ki, onlayn alış-veriş saytlarında hər sezon sonunda və bayramlarda yaxşı endirimlər olur. Hətta brend markaların saytlarında yeni ildə 70 faizə qədər edirim olur. Təmiz dəri çəkməni "Aldoshoes"dan  yeni il zamanı 60 manata almışdım. Halbuki onu burdakı mağazasında 200-300 manat arasında satışa qoymuşdular".
L.Məmmədova deyir ki, insanların bu gün onlayn alış-verişdən istifadə etməməsinin bir səbəbi plastik kartların istifadəsini bilməməkləri ilə bağlıdır. Xanımın fikrincə, yalnız gənc nəsil plastik kartlarla maraqlanır və məlumatlıdır: "İnsanlarda kartlara qarşı antipatiya var sanki. Kart dedikdə qorxurlar, elə bilirlər aldanacaqlar. Halbuki bu birbaşa məlumatsızlıqla bağlıdır. Mən çox zaman kartla alış-veriş edirəm. Hətta ölkədaxili mağazalarda da kart sistemi rahatdır. Ancaq son zamanlar qarşıma bir problem çıxıb. Mağazada kartla alış-veriş edərkən məndən faiz tutulduğunu gördüm. Satıcıdan bunun niyə belə olduğunu soruşdum. O isə dedi ki, artıq hər kartla edilən alış-verişdə faiz çıxılır. Halbuki kart sistemində bu yox idi. Fikrimcə, bu insanları kartdan uzaqlaşdıracaq. Onsuzda insanlarımız nağd pula üstünlük verirdi. İndi bununla da karta qarşı nifrət artacaq".

Əkrəm Həsənov: "Səbəb sadədir: kölgə iqtisadiyyatı, vergidən yayınma, korrupsiya…"

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, Azərbaycanda nəinki elektron ticarət, ümumiyyətlə nağdsız ödənişlərin səviyyəsi çox aşağıdır: "İnkişaf etmiş ölkələr elektron ticarətdən öncə nağdsız ödənişlər mədəniyyətini yaradıblar. Bizdə isə ödənişlərin əksəriyyəti nağd formada həyata keçirilir. Səbəb sadədir: kölgə iqtisadiyyatı, vergidən yayınma, korrupsiya və s. Digər səbəb - banklara etimadın aşağı olmasıdır. Çıxış yolu nağdsız ödənişlər üzrə güzəştlərin tətbiqidir. Məsələn, vergidə. Müştəri bilsə ki, dükandan alacağı mala görə məsələn, ƏDV tutulmayacaq, yəni daha az məbləğ ödəyəcək, təbii, nağdsız ödənişdən istifadə edəcək və dükanlar da məcburən buna getməli olacaq. Təbii, bank kartı vasitəsilə ödəniş zamanı müştəridən heç nə tutulmamalıdır. Normal bank sistemində belə hal olmamalıdır. Bizdə də əvvəllər yox idi. İndi varsa, çox pisdir. Bu o deməkdir ki, elektron ticarətin həcmi artmaq əvəzinə, azala bilər. O ki qaldı bankomatdan pul çıxarmağa görə komisyon haqqın tutulmasına, bu normal haldır və hər yerdə var. Mənası da odur ki, nağd vəsaitdən az istifadə olunsun. Sadəcə müştərilər bank seçəndə onun komisyon haqq tarifinə də nəzər yetirsin, müqayisə aparsın".

Natiq Cəfərli: "Azərbaycanda insanlara elektron kartlarla alış-veriş təşviq olunmadığından maraq yoxdur"

İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Azərbaycanda elektron ticarətin geniş yayılmamasının bir neçə səbəbi var: "ABŞ bu yaxınlarda çox maraqlı bir statistika açıqladı. Bu ölkədə ticarətin təqribən 30-35 faizi onlayn aparılır. Halbuki, cəmi 5 il bundan qabaq bu 1-2 faiz təşkil edirdi. Yəni elektron ticarət sürətlə böyüyən və dünyada ciddi maraq doğuracaq sahələrdən biridir. Azərbaycanda isə inkişaf etməməsinə gəlincə birinci səbəb, qanunvericiliklə bağlıdır. Bəzi aktlarda elektron ticarətlə bağlı düzənləmələrə ehtiyac var. Əsasən də vergi məcəlləsində. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanda ümumiyyətlə elektron kartlarla ( bank kartları ilə) alış-verişə insanlar öyrəşməyiblər. Bunu təşviq etmək lazımdır. İnsanlara bununla bağlı izahedici və təşviqedici proqramların qəbul edilməsinə ehtiyac var. Bir misal da deyim ki, Gürcüstanda bu işə başladıqda kart vasitəsi ilə həm onlayn, həm də normal pərakəndə ticarət edəndə şəxsin aldığı çekin nömrəsi həm də lotereya bileti rolunu oynayırdı. Hər ay alıcılar çox bahalı hədiyyələr qazanırdılar və insanlarda maraq yaranırdı. Bu marağın sayəsində insanlar elektron ticarətə öyrəşdilər".
N.Cəfərli deyir ki, Azərbaycanda insanlara elektron kartlarla alış-veriş təşviq olunmadığından maraq yoxdur. Onun sözlərinə görə, ölkədə həm topdansatış, həm də pərakəndə satışın çox hissəsi rəsmiləşdirilmir: "Belə malların sonradan ticarət dövriyyəsində elektron ticarət formasında rəsmiləşdirilib satılmasında problem olur. Ona görə də Azərbaycanda malların daha çox pərakəndə satılması populyardır. Ancaq ölkəmiz dünyada gedən proseslərdən kənarda qala bilməz. Azərbaycanda bu sahə mütləq ciddi inkişaf edəcək. Ölkədə bu biznesdə kim ilk başlasa və uğur qazansa, böyük bazar payına sahib olacaq. Ona görə də Azərbaycanda da yaxın gələcəkdə elektron ticarətlə bağlı gəlişmələr olacaq".
Elektron ticarətlə bağlı istifadəçilərimizin "Bizim Yol" qəzetinin və Bizimyol.info portalının "Facebook" səhifəsində apardığımız sorğu nəticəsində fikrini öyrəndik. Onların fikrincə:
Aynur Məmmədova-Kərimova  yazır ki, o başqa ölkədə yaşayır və onlayn alış-verişdən çox razıdır: "Ancaq Azərbaycana gəlincə, bizdə hələki bu sahədən narazıyam. Çünki şəkil qoyurlar yalandan deyirlər ki, filan ölkənin istehsalıdır. Ancaq alandan sonra baxırsan ki, biabırçılıqdır. İşi görəndə bir az heç olmasa vicdanlı olsunlar". 
Emil Əmiraslanov yazır ki, o devalvasiyadan öncə "Alibaba"dan alış- veriş edirdi: "Bu gün demək olar ki, sərf eləmir. Amma yenə də bəzi məhsullarda sərfəlidir". 
Aysu Hüseynova da onlayn alış-verişdən istifadə edən şəxslərdəndir: "Əvvəl "eBay", "tozlu", "alye" ve digər ölkədaxili və ölkəxarici saytlardan istifadə edirdim. Ancaq devalvasiyadan sonra qiymətlərə təsir etdi. Onlayn alış-verişin üstünlüyü ondadır ki, bol, fərqli və yeni çeşidlər təqdim edir. Mənfi cəhəti isə geri qaytarmanın olmaması və alıcıya gec gəlib çıxmasıdır". 

.