Ölkənin iri banklarından biri olan "Bank of Azerbaijan” müştərilərinə pul verməyi dayandırıb. Artıq əmanətçilərə bildirilib ki, bir neçə gün pul olmayacaq. "Deyiblər bir neçə həftə pul olmayacaq, pulun veriləcəyi sual altındadır. Gedin Mərkəzi Bankdan alın pulunuzu”,- deyə narazı əmanətçilər bildirirlər. Onlar musavat.com-a açıqlamalarında qeyd ediblər ki, əmanətlərinin həftələrlə yubadılmasının dəqiq səbəbləri açıqlanmır. Əmanətçilər isə narahatdır.
Moderator.az saytı isə yazıb ki, "Bank of Azerbaijan” vətəndaşları etiraz aksiyasına təhrik edir. "Bu dəfə bizə bankda dedilər ki, gedin, pulunuzu Milli Bankın sədri Elmar Rüstəmovdan və Azərbaycan Beynəlxalq Bankının rəhbəri Cahangir Hacıyevdən alın”,- zərərçəkən Samir Feyruzov deyib.
"Hər gün "Bank of Azerbaijan”a gedirəm. Hər dəfə müxtəlif bəhanələrlə məni geri qaytarırlar. Öz adıma və qohumlarımın adına olan əmanəti hələ də ala bilməmişəm. Deyirlər ki, "Bank of Azerbaijanı”ı onlar müflis edib və indi də bank üstündə bir-birilərini qırırlar. Bu sözləri bankdan mənə dedilər. Bütün əmanətçiləri də Milli Banka göndərirlər ki, gedin, orada mitinq keçirdin”,- deyə o, bildirib.
"Bank of Azerbaijan”a qoyduğu əmanətləri hələ də ala bilməyən S.Feyruzov deyib ki, hazırda bankda kim nə istəyirsə onu da edir: "2-3 nəfər fırıldaqçını gətirib orada oturdurublar, onlar da insanları müxtəlif vədlərlə aldadırlar. Deyirlər, gedin, kimə deyirsinizsə, deyin. Prezidentin banklar haqqında çıxışı oldu, ancaq hələ də bundan nəticə çıxarmırlar. "Bank of Azerbaijan”la vətəndaşlar arasında yaranan problem heç kimi maraqlandırmır. Bu boyda bank insanları dolayıb, guya müflis olub. Amma hələ ki, dövlət qurumları bu məsələ ilə bağlı münasibət bildirmir.
Onsuz da bankdan insanları aksiya keçirməyə çağırırlar. Sabah bu insanlar aksiya keçirsələr, nə olacaq? Mən bu informasiyanı dəqiq bilirəm ki, Hafiz Məmmədov 270 milyon vəsaiti, insanların pulunu götürüb qaçıb. Burda da bankın qalan pullarını müxtəlif şəxslər mənimsəyib. Xalqın pulunu qaytarmaq istəmirlər. "Bank of Azerbaijan”da bir neçə məmurun da əmanəti var. Artıq vətəndaşlar aksiya keçirməyi planlaşdırırıq. "Bank of Azerbaijan” ölkədə xaos yaratmaq, ölkədə sabitliyə xələl gətirmək istəyir. Belə olmasaydı, vətəndaşları Milli Bankın və Prezident Administrasiyasının qarşısında aksiya keçirməyə çağırmazdılar”.
İqtisadçı ekspert Samir Əliyev musavat.com-a açıqlamasında bildirib ki, "Bank of Azerbaijan” ətrafında baş verənlər çox xoşagəlməzdir: "Xüsusilə də bank rəhbərliyinin pulunu almağa gəlmiş əmanətçiləri qapıdan qovması müştərilərin hüquqlarına dırnaqarası baxılmasının bariz nümunəsidir. Belə hallar təkcə "Bank of Azerbaijan” ASC yox, ümumilikdə bank sektoru üçün təhlükədir. "Royalbank” bağlananda əmanətləri sığortalanmış vətəndaşlar əmanətlərini ala bildilər. Zərbəni sığortalanmamış əmanət sahibləri, xüsusən də xarici ölkə vətəndaşları aldı. Ona görə "Royalbank”ın bağlanması əmanət bazarına təsirsiz ötüşdü. Ancaq "Bank of Azerbaijan” məsələsi fərqlidir. Bu bankdan nəinki adi əmanətçilər, hətta əmanətləri sığortalanmış vətəndaşlar da öz əmanətlərini geri ala bilmirlər.
Bu isə əmanətlərin sığortalanması mexanizminin əhəmiyyətini azaldır. Əmanəti qəbul edən bank müştəri qarşısında öhdəlik daşıyır və bu öhdəlik qanunla tənzimlənir. Qanun əmanətçinin vaxtından əvvəl əmanətini götürmək hüququnu tanıyır. Vətəndaş müəyyən cərimə ödəməklə vaxtından əmanəti bankdan götürə bilər. Bütün bu məsələlər müqavilədə də əksini tapır. Əgər bank müflisləşməyibsə, Mərkəzi Bank tərəfindən lisenziyası geri alınmayıbsa, deməli, əmanəti qaytarmağa borcludur. Əks halda qanunvericiliklə məsuliyyət daşıyır”.
S.Əliyevin sözlərinə görə, baş verənlər əmanət bazarına mənfi təsir göstərəcək: "Əmanət qoyuluşunun artımı zəifləyəcək əhali yenidən pullarını evlərində saxlamağa üstünlük verəcəklər. Son nəticədə bank sektoru üçün böyük zərbə olacaq. Bu hadisələr Azərbaycanda bank müştərilərinin hüquqlarını qoruyan qanunvericilik aktının vacibliyini göstərir.
Müştərinin öz hüquqlarını, təkcə əmanət qoyuluşunda yox, həmçinin kredit alışında da qorumaq üçün bir çox ölkələr olduğu kimi, "İstehlak kreditləri haqqında” Qanunun qəbulu vacibdir.
İndiki halda müştərilər əli silahsızdır və bank bundan istifadə edir. Gələcəkdə də digər banklar tərəfindən belə halların baş verməməsinə heç kim zəmanət vermir”.
.
