"2014-cü ildə Azərbaycan Respublikasının Məhkəmələrində 153 606 mülki işə baxılmışdır, bu işlərdən kredit, borc münasibətləri üzrə 95 454 mülki iş üzrə qərar (qətnamə və əmr) qəbul edilmişdir. Kredit münasibətlərindən irəli gələn mülki işlərin həcmi 2014-cü il üçün ümumi baxılan işlərin 62%-ni təşkil edir.
2015-ci ildə məhkəmələrdə 228 428 mülki işə baxılmışdır və 2014-cü illə müqayisədə işlərin həcminin birdən-birə artması məhz kredit münasibətlərindən irəli gələn işlərlə bağlıdır. Keçən il baxılan mülki işlərdən 171 664 iş təəssüf ki, kredit münasibətlərindən irəli gələn işlər olmuşdur, bu isə ümumi işlərin həmin il üçün 75, 15 faizini təşkil edir. Bu ilin ilk 6 ayı üçün rəqəmlər açıqlanmayıb hələ, lakin şəxsi müşahidələrim onu göstərir ki, rəqəmlər artmaq tempi ilə davam edir".

Bu açıqlamanı Bizimyol.info saytına vəkil Cavad Cavadlı verib. O bildirib ki, 2015-ci il üçün statistik rəqəmlər Dövlət Statistika Komitəsinin saytına yüklənmədiyindən sorğu vasitəsi ilə əldə edib. "Son aylarda müşahidələrim məhkəmədə baxılan mülki işlərin əsas hissəsinin kredit münasibətlərindən irəli gələn işlər olması və bu halın ölkədə bankların problemli kreditlərinin faizinin elan edildiyindən də yüksək olmasına dair şübhələr yaradırdı. Rəsmi statistik məlumatları əldə etdikdən və müqayisə və təhlil apardıqdan sonra durumun acınacaqlı olması açıq aydın görünür. Bu tendensiya çox təhlükəlidir və bu qədər kredit münasibətləri üzrə qəbul edilmiş qərarların tam icrası praktiki olaraq mümkünsüzdür, çünki buna nə icra məmurlarının ştatı, nə də ki, fiziki imkanları yetərli deyil".
Vəkil vurğulayır ki, kredit münasibətlərindən irəli gələn işlərin belə böyük həcmi məhkəmələrdə baxılan digər işlərin keyfiyyətini aşağı salır və məhkəmələrin bank işləri ilə yüklənməsi süründürməçiliyə səbəb olur. "Məhkəmələrdə bu işlərin sayının azaldılması qanunvericiliyə dəyişiklik edilməsi və işlərin məhkəmədən alınmasıdır. Mövcud qanunvericilikdə notariusun icra qeydi əsasında notariat qaydada bağlanmış borc müqavilələrini, həmçinin ipoteka ilə yüklü edilmiş əmlakın yönəltmə prosedurunun başlanması mümkündür, lakin bu alternativ hüquq olaraq verilib, yəni şəxslərin birbaşa pul tutulması üçün məhkəməyə müraciət etməsini istisna etmir. Rusiyada bununla bağlı qanunvericilikdə dəyişiklik edilib, lakin dəyişikliklər qüvvəyə minməmiş bununla bağlı çoxlu sayda narazılıqlar artıb. Qanunvericiliyin hətta mükəmməlləşdirilib həmin işlər məhkəmədə baxılmasa belə, qəbul edilmiş notariusun icra qeydləri son olaraq icra məmurlarına təqdim olunacaq və mövcud ştat sayı ilə, hətta ştatlarının bir neçə dəfə artırıldığı halda belə, bu qədər həcmin vaxtında və dəqiq icrası inandırıcı görünmür" - vəkil qeyd edir.

Deputat Əli Məsimli: "Bizim təkliflər həyata keçirilsə, bu qədər məhkəmə işinə də ehtiyac qalmaz"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli "Bizim Yol" qəzetinə açıqlamasında bildirir ki, ölkədəki kredit probleminin təhlükəli həddə olmasından xəbərdardır. Problemin həlli yollarına gəlincə, deputatın sözlərinə görə, aprel ayının sonlarında həmkarı Vahid Əhmədovla birlikdə təkliflər hazırlayaraq aidiyyatı qurumlara təqdim ediblər. "14 səhifəlik bu sənəd maliyyə sağlamlaşması, onun real sektora təsirinin gücləndirilməsi və xarici valyutada olan kreditlərin problemlərinin həllinə dairdir. Aidiyyatı qurumlar da bu sənədlə bağlı mətbuatın suallarına cavab olaraq bildiriblər ki, təkliflərin əksəriyyətini qəbul edirik. Amma bu cümləni başqa cür ifadə ediblər ki, bizim özümüzün qısa, orta və uzunmüddətli təşəbbüslərimizdə bu təkliflərin əksəriyyəti var. Amma bu təkliflərin əksəriyyəti var idisə, nəyə görə indiyədək heç olmasa bir neçəsindən istifadə edərək bu problemin yumşaldılmasında istifadə edilməyib? Beləliklə, bizim təkliflərin əksəriyyəti hökumətin aidiyyatı qurumları tərəfindən müsbət qarşılanır. Bəzi ziddiyyətli, yaxud mübahisəli məqamlar ola bilər ki, bunları da müzakirələr vasitəsilə həll etməyə hazırıq. Hökumətin aidiyyatı qurumlarının yəqin ki, öz təklifləri də var. Həmin təkliflərin birləşdirilib, indiki səviyyədə həlli, ən azı yumşaldılması və bir daha Azərbaycanda yaranmaması üçün hüquqi bazanın formalaşdırılması istiqamətində bizim təkliflkər həyata keçirilsə, bu qədər məhkəmə işinə də ehtiyac qalmaz"- deyə deputat bildirib.
Deputat əlavə edir ki, sözügedən təkliflərdə kredit problemində yükün təkcə vətəndaşların üzərinə qoyulmaması öz əksini tapıb. "1000 dollara qədər olan kreditlər artıq ümidsizdirsə, bankları öz vəsaiti hesabına qarşılamasını təklif edirik. 5000 dollara qədər olan kreditlərlə bağlı isə dördbucaq sistemi - məsuliyyətin bir hissəsi əhalidə, bir hissəsi Mərkəzi Bankda, bir hissəsi kommersiya banklarında, bir hissəsi isə dövlətdədir. Bu kreditlərə 250 milyon manat pul lazımdır. 10 min dollara qədər olan kreditlərlə bağlı da təhlillər aparıb, resurslara baxıb həmin prinsipi tətbiq etmək olar. 10 min dollardan yuxarı olan kreditlər isə əsasən sahibkarlıqla məşğul olan insanlara verilib. Burada da ortaq bir məxrəcə gəlmək olar ki, məsələn, dolların məzənnəsi 0.78, yaxud 1.05 manat olanda alıblarsa, 1.2-1.3 arasında bir razılığa gəlməklə həmin problemi də xeyli dərəcədə yumşaltmaq olar. Hökumətin özünün də sağlamlaşdırma proqramı var, orada bankların da sağlamlaşdırılmasına dair hissələr var. Hesab edirəm ki, həmin hissələrdə hökumət də iştirak edərək, bankları həm maliyyə nöqteyi-nəzərdən, həm də institusional baxımdan dəstəkləməlidir".
Qeyd edək ki, Milli Məclisin iclaslarında deputat Vahid Əhmədov Azərbaycanın bank sektorunda çox ciddi problem yarandığını deyərək, onların həll edilməsi istiqamətində müzakirələr üçün ölkədəki bank rəhbərlərinin parlamentə dəvət edilməsini təklif edib. "Banklarda likvidlik problemi var. Kredit portfelində göstəricilər qənaətbəxş deyil. Azərbaycanda əmanətlərin 83%-i dollarda saxlanılır. Əmanətlərin sığortalanması haqqında qanun qəbul etsək də, manatda olan əmanətlərin həcminin artmasını müşahidə etmədik. Əhali banklarda olan 5-10 min manat əmanətini belə geri götürə bilmir. Bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımlara ehtiyac var. Qısa müddətdə bu istiqamətdə addımlar atılmasa, Azərbaycan iqtisadiyyatında çox ciddi problemlər yaranacaq.
