Balakən rayonunun Katex kənd sakini Əli Soltanov bir neçə gün öncə həyətində maraqlı tapıntı aşkar edib.

ARB TV xəbər verir ki, tam olaraq nə olduğu bilinməyən boş quyu bölgə tarixinin öyrənilməsi baxımından yeni bir mərhələnin təməli ola bilər.

Çünki Əli Soltanov daha öncə yaşadığı evin zirzəmisini qazarkən də qədim insanların oturaq dəzgahını xatırladan ocaq yeri aşkar edib. Bu həyətdə və qonşu ərazilərdə islamdan öncəyə aid olduğu guman edilən qədim qəbirlərə, küp və digər əşyaların qalıqlarına da tez-tez rast gəlinir.

8 000 nəfər əhalisi olan Katex kəndinin yerləşdiyi ərazidə qədim, yüksək sivilizasiyalı yaşayış məskəninin olduğu bir çox tarixi abidə və tapıntılarla sübut edilib. Bu tapıntının isə ilkin ehtimallara görə, tarixi islamdan öncə erkən orta əsrlərə təsadüf edir.

Torpağın çökməsi nəticəsində üzə çıxan bu boşluq, ehtimal edilir ki, qədim insanların ibadət yeri və ya yeraltı anbar ola bilər. Sözügedən ərazidə genişmiqyaslı tədqiqat məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya İnstitutuna müraciət ediləcək.
 

 

Balakən sakinindən İslamdan öncəyə aid tarixi tapıntı




.