İqtisadiyyat və Sənaye Nazirliyi sərinləşdirici içkilərlə bağlı əhaliyə müraciət edib.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, yay mövsümü ilə bağlı sərinləşdirici içkilərə tələbat artıb. Bəzi işbazlar isə bundan istifadə edərək əhalini aldadır.
Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən və sərinləşdirici içki istehsal edən müəssisədə yoxlama aparıb. Yoxlama zamanı müəssisədə markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan sərinləşdirici içkilərin istehsal edildiyi aşkarlanıb. Belə ki, qazlı suların uyğunluq və gigiyenik sertifikatlar olmadan istehsal edildiyi, onların markalanmasında məhsulların sertifikatlaşdırıldığı barədə yanlış məlumatlar verildiyi müəyyən edilib.
Bundan başqa, albalı və şaftalı nektarlarının qablaşdırılmasında xarici ölkədə istehsal edildiyinə dair yalan məlumat qeyd edilib.
"Mimino” düşes və tərxun içkilərinin markalanmasında saxlama müddətinin normativ-texniki sənədlərlə müəyyən olunmuş müddətlərdən artıq göstərildiyi, eyni zamanda bu tərxun içkisinin markalanmasında məhsulun enerji dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi bəlli olub.
Nazirlik yalan məlumat verməklə əhalini aldadan iş adamına qarşı qanunvericiliyə uyğun iş qaldırıb. Sərinləşdirici içkilərlə bağlı yoxlamalar davam edir.
Nazirlik bir daha xəbərdarlı edir ki, yay mövsümü ilə bağlı dondurma və sərinləşdirici içki bazarına nəzarət gücləndirilib. İstehlakçılardan daxil olan şikayətlər dərhal yoxlanılacaq, bazarda monitorinq aparılacaq.
.
