
Tanınmış türkiyəli müğənni Demet Akalının rədd etdiyi təklifi Hande Yener qəbul edib. Hande Yener Yeni ildə Bakıda məşhur otellərin birində səhnəyə çıxacaq.
Virtualaz.org saytı bir neçə gün əvvəl türkiyəli müğənni Demet Akalının Azərbaycanda Yeni il gecəsi konsertində çıxış etmək üçün ona edilən astronomik məbləğdə qonorar təklifini rədd etməsi haqda xəbər vermişdi.
Bu xəbər mətbuata müğənninin özü tərəfindən verilsə də o, bu təklifin kimdən gəldiyini açıqlamamışdı. Demet Akalın sadəcə Azərbaycana gələcəyi təqdirdə ona təklif edilən məbləğin 400 min lirə (təqribən 190 min dollar) olduğunu demişdi. Lakin pop ulduzu bu təklifdən 11 aylıq qızı Hiraya görə imtina etdiyini açıqlamışdı.
İndi isə Demet Akalının əvəzinə Bakıya gələcək türkiyəli pop ulduzunun adı məlum olub. Hande Yener mətbuata açıqlamasında Yeni ildə Bakıda konsert verəcəyini açıqlayıb. O, hansı oteldə çıxış edəcəyi və təklifi kimdən alması haqda məlumat verməyib. Türkiyə mətbuatında yer alan xəbərə görə, Hande Yener Demet Akalının əvəzinə Bakıya dəvət olunub.
Qeyd edək ki, Azərbaycanın iş adamları və otelləri son illər Yeni il gecəsi konsertlərində, ad günlərində və toylarda çıxış etmək üçün türkiyəli müğənnilərə rekord məbləğlərdə qonorar ödəyir. Ötən il məşhur pop-ulduz Tarkan Qubadakı "Rixos” otelində bir neçə saatlıq çıxış üçün 1 milyon dollar qonorar almışdı.
.