
Bakıda yolun ortasında sürücünü beysbol dəyənəkləri ilə döyənlər həbs edilib.
Paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində “Chevrolet” markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.
Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları (beysbol dəyənəkləri-red.) ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.
Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.
.