Bakının mərkəzində vaxtilə tələbə yataqxanası kimi fəaliyyət göstərən binaların söküntüsü sürətləndirilib. "Yeni Müsavat”ın məlumatına görə, söküntü işlərindən əvvəl binadan məskunlaşan qaçqın və məcburi köçkünlər Mehdiabad qəsəbəsində tikilən şəhərciyə köçürülüb. Yanvarın 15-də Bədən Tərbiyəsi Universitetinə aid olan və Koroğlu Rəhimov küçəsində yerləşən yataqxanalarda olduq. Ərazidə olarkən öyrəndik ki, sakinlər köçürüldükdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə sözügedən binaların söküntüsünə başlanılıb. İş icraçıları qəzetimizə bildirdilər ki, hələlik onlara binaların sökülməsi tapşırılıb. Sökülən binanın yerində nəyin olacağından xəbərsiz olduqlarını deyən işçilər yolun genişləndiriləcəyi və yaşayış binasının tikiləcəyi ilə bağlı xəbərlərin yayıldığını söylədilər.
Söküntü işləri Fətəli Xan Xoyski 98 ünvanında yerləşən yataqxanada da aparılırdı. Qeyd edək ki, sözügedən binada əvvəl Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlardan olan məcburi köçkünlərdən bəziləri yataqxanadan çıxmaq istəməmişdi. Hətta bir neçə dəfə yataqxana qarşısında etiraz aksiyası keçirmişdilər. Əraziyə gələn Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, həmçinin müvafiq rayonların icra hakimiyyətlərinin nümayəndələri onlarla danışıqlar apararaq, Mehdiabad qəsəbəsində tikilmiş yeni binalardakı mənzillərlə təmin olunacaqlarını bildirmişdilər.
Narazı məcburi köçkünlər isə hələ də, Mehdiabad qəsəbəsindəki binaların tez tikildiyi üçün keyfiyyətsiz olduğunu, həmçinin, yeni binaların yaxınlığında uşaqlar üçün məktəb və bağçaların olmadığını deyirlər. Bəzi məcburi köçkünlər isə mənzil bölgüsündən şikayət edirlər.
Nəsimi rayonu ərazisində beşmərtəbəli binalarla yanaşı, doqquzmərtəbəlilərin də sökülməsinə start verilib. Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən məcburi köçkünlərin bir vaxtlar məskunlaşdıqları Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanaları sökülür.
Nəsimi Rayon İcra Hakimiyyətindən milli.az-a verilən məlumata görə, həmin ərazidə ümumilikdə 6 bina sökülür. Həmin yataqxanalarda əvvəllər məcburi köçkünlər məskunlaşmışdılar. Ötən ilin avqustunda onlar Masazır qəsəbəsində inşa olunmuş evlərə köçürüldülər. Hazırda isə həmin yataqxanaların sökülməsinə başlanıb.
Ötən ilin mart ayından başlayan Bakı Dövlət Universitetinin tələbə yataqxanalarının söküntüsü sürətlənib. Boşaldılan yataqxanaların sökülməsi ilə bağlı xəbərə isə bir müddət əvvəl Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Məskunlaşma, Miqrasiya və Məşğulluq şöbəsindən münasibət bildirilmişdi. Hazırda 50 ildən çoxdur istismar olunan yataqxanalar sökülərək yerində kampus tipli yeni binalar tikilir. Layihəyə əsasən yeni yataqxana binasında otaqlar 2-3 tələbənin qalması üçün nəzərdə tutulub. Hər bir otaqda sanitar qovşaq olmaqla tələbələrin istirahəti üçün bütün şərait yaradılacaq. Kitabxana, çamaşırxana və tələbələrin gündə 3 dəfə qidalanması üçün yeməkxana fəaliyyət göstərəcək. Bütün bu xidmətlərin müqabilində isə tələbələr yataqxanaya indi qaldıqları kirayə evlərə ödədikləri məbləğin yarıdan da az hissəsini ödəyəcək. Üstəlik, yataqxanada avtomobillərin saxlanılması üçün yeraltı qaraj və universitetə yeraltı keçidlər tikiləcək.
7 min tələbə tutumu olacaq yeni yataqxana binasının 2 il ərzində tikilib istifadəyə verilməsi nəzərdə tutulub.
.
