Qazax polisi əhalini aldadan "qəhrəman”ı elə iş başında yaxalayıb.
Bir neçə gün öncə Ağstafada vətəndaşları aldadaraq onların pulunu mənimsəyən dələduz haqda xəbər vermişdik. Bankomatların qarşısında dayanıb kömək etmək adı ilə yaşlı insanları aldadan, onların pensiya kartlarından pulları çıxarıb qaçan "qəhrəman”ı Qazax polisi elə iş başında yaxalayıb.
Ağstafadan əvvəl 10 rayonda bu cür dələduzluq edib 45 nəfəri aldadan Asim Həsənov Yevlaxdakı Aran qəsəbəsinin sakinidir. 30 yaşlı Asim bundan əvvəl bu cür əməllərinə görə də məhkumluq həyatı yaşayıb. 2 ay öncə həbsdən çıxdıqdan sonra isə əvvəlki "peşə"si ilə məşğul olmağa qərar verib.
Paytaxt Bakıdan başlayıb Qazaxa qədər insanları talayan Yevlax sakini Ağstafada 3 vətəndaşın hesablarından müvafiq olaraq 132, 267 və 515 manat pul oğurlayıb. Qazax polisinin keçirdiyi əməliyyat nəticəsində Asim Həsənov Vaqif Yüzbaşıyevin hesabından 180 manat çıxararkən həbs edilib.
Yaşlı insanların etibarından istifadə edib çirkin əməlini həyata keçirən Asim Həsənovu Qazax polisinin əməkdaşları saxlayarkən onun üzərindən 2200 ABŞ dolları və aldatdığı bir neçə şəxsin pensiya kartı götürülüb. Hazırda onun digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.(kepez tv)
.