A. Yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına səhər saat 08:00-dan axşam saatlarına qədər 40-a yaxın müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova açıqlamasında bildirib ki, onlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib.
Onun sözlərinə görə, gündüz zədələnənlər arasında qadınlar, gecə isə kişilər üstünlük təşkil edib: "Xəsarət alanlardan 3-4 nəfəri xəstəxanaya aparılmayıb, 2 nəfər evə aparılıb, 3 nəfərə yerində yardım edilib. Ciddi xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib”.
Z.Vahidova deyib ki, müraciətlər Xəzər və Pirallahı rayonundan başqa, Bakının bütün rayonlarından daxil olub: "Bundan başqa, bizə Yasamal, Xətai və Sabunçu rayonlarından ümumi soyuqlama diaqnozu ilə küçədə yaşayan (yaşayış yeri məlum olmayan) 3 nəfər üçün müraciət daxil olub. Onları da aşağı ətrafların donma diaqnozu ilə xəstəxanalara yerləşdirmişik”.
.