"Azərbaycan Texniki Universitetinin yataqxanalarında çox acınacaqlı vəziyyət hökm sürür. Orada 500-dən artıq məcburi köçkün ailəsi yaşayır. Onlar çox ağır şəraitdə yaşayırlar. Oranın istismarı mümkünsüz vəziyyətə gəlib çatıb. Kommunikasiya xətləri bərbad gündədir”.
Bunu ANS PRESS-ə açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov deyib.
O, qeyd edib ki, Texniki Universitetin yataqxanalarında yaşayan məcburi köçkünlər yaxın gələcəkdə mərhələlərlə başqa yerə köçürüləcəklər.
Ş Məmmədov Memarlıq və İnşaat Universiteti və Rabitə Nəqliyyat Kollecinin yataqxanalarındakı vəziyyətdən də söhbət açıb: "Memarlıq və İnşaat Universiteti yataqxanasında isə 400-dən çox məcburi köçkün ailəsi yaşayır. Rabitə Nəqliyyat Kollecinin yataqxanası da bərbad vəziyyətdədir. Orada da məcburi köçkünlər yaşayırlar. Həmin yataqxana da istismara tam yararsız vəziyyətdədir”.
Daha sonra Ş. Məmmədov qeyd edib ki, 2 saylı Tibb Kollecinin yataqxalarında da məcburi köçkünlər məskunlaşıblar və mərhələ-mərhələ onlar da oradan çıxarılacaqlar: "Uşaq baxçalarında məskunlaşan məcburi köçkünlər hazırda yeni evlərlə təmin olunublar. Rayon ərazisindəki məktəblərdə yaşayan məcburi köçkünlər də yeni evlə təmin olunublar. 153 nömrəli məktəb də dövlət proqramına əsasən tam təmir olunur. Yeni tədris ilində o müasir görkəmdə fəaliyyət göstərəcək. Ora tam müasir avadanlıqlarla təchiz olunub. Orada yaşayan bir məcburi köçkün ailəsi də yeni məzilə köçürülüb”.
Ş. Məmmədov yaxın gələcəkdə köçürülmə prosesinin tam başa çatacağını qeyd edib.
O bildirib ki, yaxın gəlcəkdə tələbələrin yataqxana problemi öz həllini tapacaq: "Respublikamızın bölgələrindən və xaricdən gələn tələbələrin bir nömrəli problemi həmin universitetlərin yataqxanalarıdır. Tələbələrin yataqxana problemi sözsüz ki, öz həllini tapacaq. Yeni yataqxanlar tikiləcək və həmin tələblərin problemləri həll olacaq. Rayon İcra Hakimiyyəti olaraq bu məsələ bizim səlahiyyətimizə o qədər də aid deyil. Amma ərazi olaraq biz də bu problemin içindəyik. Bununla bağlı müvafiq qurumlar tərəfindən layihələr hazırlanır. Onlar hazırlanıb təsdiq olunduqadan sonra icraya yönəldiləcək”.
.