Bu gün səhər saatlarında Bakıda 30 saylı sərnişin avtobusu ilə yük qatarının toqquşması nəticəsində qeydə alınan hadisə zamanı yaralılardan 3-nün vəziyyəti orta-ağır, 2-nin vəziyyəti isə ağırdır.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb. Kliniki Tibbi Mərkəzə aparılan 5 yaralıdan 3-nün vəziyyəti orta-ağır, 2-nin vəziyyəti isə ağır kimi qiymətləndirilir.
O.Şahmalıyev qeyd edib ki, hadisə zamanı yaralılardan birinə yerində ilkin tibbi yardım göstərilib və sərnişin evə buraxılıb.
***
"Azərbaycan Dəmir Yolları” QSC Bakıda yük qatarı ilə marşrut avtobusunun toqquşması barədə açıqlama yayıb.
QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun verdiyi məlumata görə, bu gün saat 06.10-da "Azərbaycan Dəmir Yolları” QSC-nin Əhmədli-Bakı yük mənzilində (Nobel prospektində) yerləşən qorunmayan dəmir yolu keçidində yük qatarı keçidi keçməyə cəhd göstərən "Daewoo” markalı 10 TG 381 dövlət nömrə nişanlı 30 saylı marşrut avtobusu ilə toqquşub.
Hadisə nəticəsində teplovozun qabaq hissəsi zədələnib, avtobusdakı sərnişinlərdən 5-i xəsarət aldığına görə xəstəxanaya aparılıb. Qatarların hərəkətində fasilələrə yol verilməyib, teplovozla hərəkət tərkibi geriyə çəkiləndən sonra keçiddə hərəkət bərpa olunub. Hadisə yerinə Nəqliyyat Nazirliyinin, "Azərbaycan Dəmir Yolları” QSC-nin və Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə baxış keçirilib. Müəyyən olunub ki, keçidin texniki vəziyyəti "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın tələblərinə uyğundur. Hadisənin baş verməsinə səbəb sürücünün "Yol hərəkəti haqqında” qanununun 44-cü maddəsinin tələblərinə riayət etməməsi olub.
