Bakıda ər arvadını öldürməyə cəhd edib.
APA-nın xəbərinə görə, Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, iyulun 23-də saat 15 radələrində paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərən "Meridian” şadlıq sarayının yaxınlığında Quliyev Sənan Əli oğlu ailə münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı üstündə gəzdirdiyi bıçaqla arvadı Hüseynova Vüsalə Vüqar qızını qəsdən öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirib, sonuncu aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib.
Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, həmin cinayətin törədilməsində şübhəli bilinən S. Quliyev tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
***
saat 15.24
Bakıda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu Mikayıl Əliyev küçəsi-17 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsalə Vüqar qızı Hüseynova naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
V. Hüseynova müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.