Bakıda "Prius"u polislərin üstünə sürən Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Məhkəmə zalına gətirilən şəxs onun təqsirləndirilən Rauf Qurbanov olmadığını, adının Raul Qurbanov olduğunu bildirib. O, qeyd edib ki, təqsirləndirilən Rauf Qurbanov onun ölən qardaşıdır.
Məhkəmə zalında olan şəxs anket məlumatlarının səhv olduğunu bildirib.
Bundan sonra məhkəmə prosesin avqustun 30-nadək təxirə salındığını elan edib.
Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi Toyota "Prius" markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
.