Paytaxtda "Prius" markalı avtomobillə 5 nəfər polis və iki vətəndaşa xəsarət yetirməkdə şübhəli bilinən Rauf Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihamda göstərilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov bu il aprelin 28-də idarə etdiyi “Toyota Prius” markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Aparılmış araşdırmalarla R.Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Prosesdə hakim bildirib ki, hadisədə günahı sübuta yetirilməyib təqdirdə R.Qurbanov 20 ilə qədər azadlıqdan məhrum edilən bilər.
İttihama münasibət bildirən R.Qurbanov özünü təqsirli bilməyib. O qeyd edib ki, dəymiş ziyanın ödəməyə hazırdır.
Məhkəmənin növbəti iclası oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, R.Qurbanov barəsində Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə ittiham elan olunub və o təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
.