Avqustun 15-də internetlə kitab satan Qurban Məmmədovu polis saxlayıb.
Bu barədə "Azadlıq" radiosuna Qurban Məmmədovun özü məlumat verib.
O deyir ki, axşam saatlarında sifarişçiyə kitab çatdırmaq üçün şəhər mərkəzinə gəlib. Bu zaman 2 polis ona yaxınlaşıb: "Mən "Torqovı"da dayanmışdım. Əlimdə sifarişçilərə çatdırılacaq kitablar olan tor zənbili vardı. İki polis yaxınlaşıb bildirdilər ki, sən küçə ticarəti ilə məşğul olursan, qanunu pozursan. Polislərdən biri mənə «sən kitabları göyərti satan kimi satırsan» dedi. Onlara izah etməyə çalışdım ki, internet üzərindən kitab satmaq qanunu pozmur. İnternet üzərindən satış dünyada var, bunu hamı edir, hətta Azərbaycanda da. Onlar məni dinləmədilər, kobud və əl-qol hərəkətləri ilə danışdılar. Məni Səbayel rayonunun 9-cu polis bölməsinə apardılar".
Qurban Məmmədov polis bölməsində 5 saatdan çox dindirildiyini deyir: "Polislər mənlə kobud davrandı, təhqir etdilər. Əvvəlcə dedilər ki, sən qanunsuz sahibkarlıq edirsən, daha sonra dedilər ki, küçə ticarəti ilə məşğulsan. Polis rəisi kitablardan birini - Çe Gevaranın kitabını əlinə götürdü. Üstündəki şəklə baxıb dedi ki, bu dindardır, sən dini kitablar satırsan. Orada bir MTN əməkdaşı vardı, dedi sən əslində yaxşı işlə məşğulsan, amma etmə. Gecə 1-də məni buraxdılar. Cərimə edildim. Onsuz da yaxşı olmayan maddi durumuma 80 manat da zərər dəydi".
Səbayel Rayon Polis İdarəsinin 9-cu polis bölməsindən bildirdilər ki, Qurban Məmmədov küçə ticarəti lə məşğul olurdu: "Qurban Məmmədov küçə ticarəti ilə məşğul idi. Əməkdaşlarımız onu bölməyə gətirdilər. Protokol tərtib etdik, yola saldıq getdi. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 80 manat cərimə olunub".
.