Bakıda təcavüzkar az qala Belarusdan olan turisti zirzəmiyə çəkib aparacaqdı. Qızın bəxti gətirib, asayiş keşikçiləri onun yardımına çatıblar.
Noyabrın 1-də Səbayel rayon 39-cu polis bölməsinin əməkdaşları Belarus vətəndaşı, 1985-ci il təvəllüdlü Tarenoza İnna Henrixovovnanı zorlamağa cəhd edən manyakı saxlayıblar.
Bu barədə virtualaz.org-a Səbayel Rayon Polis İdarəsindəb bildiriblər.
Hadisə saat 23.40 radələrində Rəsul Rza küçəsində yerləşən 16 saylı binanın dəhlizində baş verib. Naməlum kişi içəri daxil olan İnna Tarenozaya hücum edərək onu döyməyə başlayıb. Cinayətkar qurbanın qulaqlarındakı sırğaları dartıb çıxarıb. Daha sonra onun mobil telefonunu əlindən alaraq kənara atıb. Təcavüzkar qızın boğazından yapışaraq onu binanın zirzəmisinə çəkib aparmağa cəhd edib.
Qızın köməyinə İctimai Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları yetişib. Asayiş keşikçiləri təcavüzkarı və qurbanı binanın zirzəmisində aşkar ediblər.
Saxlanılan şəxs Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Məmmədov Kənan İsmayıl oğlu olub. Hadisə baş verən zaman Məmmədovun sərxoş olduğu müəyyən edilib.
Turist qıza 3 saylı təcili tibbi yardım stansiyasında yardım göstərilib.
Fakt üzrə Səbayel rayon 39-cu polis bölməsində istintaq işi aparılır.
.
