Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən, üzərində qanunsuz odlu silah-sursat gəzdirən, habelə mülkiyyət əleyhinə cinayətlər törədən şəxslərə qarşı xüsusi əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin və ərazi polis orqanlarının martın əvvəlindən keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər saxlanılıb. Araşdırma zamanı saxlanılanların bir neçəsinin əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum edilmiş şəxslər olduqları müəyyən edilib. Onların üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq silah gəzdirən Zamir Cəlilov saxlanılıb. Ondan bir ədəd “Revolver” tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. Zamir Cəlilov odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə rayon və paytaxtın digər ərazilərində avtomobillərdən silsilə oğurluqlar edən Fikrət Cəlilov tutulub. Həmin şəxs Bakı şəhərində müşahidələr apararaq qapısı sahibi tərəfindən açıq saxlanılan nəqliyyat vasitələrinin salonlarından mobil telefonlar, pul kisələri, noutbuklar və digər qiymətli əşyalar oğurlayıb. Fikrət Cəlilovun paytaxt ərazisində digər bu kimi cinayətlər törədib-törətmədiyinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davan etdirilir.

 

Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən sonuncu əməliyyat zamanı isə avtomobillərin ehtiyat hissələrinin satıldığı obyektlərdən birindən oğurluqlar edən Ceyhun Allahverdiyev və qardaşı Cəsarət saxlanılıblar. Bu şəxslər müxtəlif vaxtlarda həmin obyektə 3 dəfə daxil olaraq oradan xarici markalı nəqliyyat vasitələrinin katalizatorlarını oğurlayıblar. Ceyhun və Cəsarət Allahverdiyevlər bu yolla zərərçəkənə ümumilikdə 33 min manat maddi ziyan vurublar.

Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

.