Bakıda meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra "isti izlər" əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranan mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
.