Xətai rayonunun "Elektrotok" adlanan ərazidə, Kazımağa Kərimov küçəsi bina 15-də məskunlaşmış məcburi köçkünlərin yaşadığı 2 mərtəbəli binanın uçmaq təhlükəsi var.
Bununla bağlı ərazinin sakinləri Avropa.info-ya müraciət ediblər. Həmin müraciəti olduğu kimi təqdim edirik:
"Son 3 ildə məcburi köçkünlərin məskunlaşdığı binanın müxtəlif yerlərində iri çat əmələ gəlmiş və ev kəskin qəzalı şəraitə düşmüşdür. Bina sakinlərinin həyat və sağlamlığına böyük təhlükə yaranmışdır. Qamışdan tikilmiş bu binanın damı su buraxaraq divarların orta hissəsinə xeyli su toplanaraq onu yetərincə zədələmişdir. Fövqəlada Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən dəfələrlə binaya ətraflı baxış keçirilmişdir və şifahi olaraq bildirilmişdir ki, bina həqiqətən də ağır qəza şəraitinə düşmüşdür və burada yaşamaq qəti olmaz və həyat üçün son dərəcə təhlükəli hesab edilmişdir. Lakin deyilənlərə baxmayaraq heç bir tədbir görülməmişdir və binaya verilən qiymət həyatda öz əksini tapmamışdır. İndiyədək köçkünlər əlacsız vəziyyətdə həmin binada yaşayışlarını qorxu içində davam etdirirlər. Divarların ilin bütün fəslində nəm qalması bina sakinlərində ağır xəstəliklər yaratmışdır. Binanın uçma təhlükəsi günü-gündən artaraq son həddə çatmışdır.
Binada yaşayan məcburi köçkünlərdən bir neçəsi Qaçqın və Məcburi Köçkünlərin İşlər Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun və Xətai rayon İcra Hakimiyyəti başçısının qəbulunda olmuşlar və qəzalı vəziyyətdə olan binanın şəkillərini ona təqdim etmişlər. Binaya baxılması və tədbir görülməsi barədə Əli Həsənovun verdiyiniz göstərilərə hələ də baxılmayıbdır.
Hörmətli redaksiya, sizdən xahiş edirik yaşayış üçün son dərəcə təhlükəli olan yaşayış binası haqqında saytınızda məlumat dərc edəsiz ki, bəlkə aidiyyatı qurumlar bizə köməlik edərlər".

1) Cəbrayılov Vasif (müharibə veteranı)
2) Hüseynova Məryəm (şəhid anası)
3) Kərimov Bəbirxan (məcburi köçkün)
4) Hüseynov Vəli (Qarabağ əlili)
5) İsgəndərov İnşallah (şəhid ailəsi)
.