
İnvestorlar qiymətlərin daha da ucuzlaşmasını gözləyir
Rəşad Əliyev: «İpoteka proqramlarının dondurulması əlavə problemlər yaradıb»
Bu gün daşınmaz əmlak bazarında böyük durğunluq hökm sürür. Bazarda tələb çox olsa da, alıcılar hələ ki, gözləmə mövqeyi tutublar, qiymətlərin daha da ucuzlaşmasını gözləyirlər. Ekspertlər hesab edir ki, mənzil bazarında ilin sonuna kimi 15 faizə yaxın ucuzlaşma ola bilər. Lakin neftin qiyməti bahalaşmağa doğru gedərsə, proseslərin əksinə olması da mümkündür. Hazırkı durumda əhali hansı istiqamətdə addımlar atmalıdır?
"Value and Sources" konsaltinq şirkətinin baş direktoru Rəşad Əliyevin sözlərinə görə, daşınmaz əmlak bazarındakı alıcılar həmişə müxtəlif məqsədlər güdürlər: "Bazarda mövcud olan durum onların strategiyasına heç də eyni cür təsir etmir.
İlk dəfə mənzil alanlar üçün bazarda olan ucuz qiymətlər ilk baxışdan sərfəli olmalıdır. Ancaq bu, kifayət qədər pul vəsaitləri olanlar üçündür. Pulu az olanlar üçün isə vəziyyət ürəkaçan deyil. Çünki bazarda qiymətləri aşağı salan amillərdən biri də məhz ucuz kredit resurslarına əlçatanlığın çətinləşməsidir. Məsələn, ipoteka kreditləri üzrə ilkin ödənişlə bağlı problemlər var, hətta bəzi banklar bunu 40 faizə qaldırıb. Eyni zamanda bir sıra kommersiya banklarının özləri tərəfindən həyata keçirdikləri ipoteka proqramlarını dondurması da çətinliklər yaradıb".
R.Əliyevin fikrincə, bazarda daha çox ev şəraitini yaxşılaşdırmaq istəyənlər çoxluq təşkil edir: "Qiymətlər aşağı düşəndə bu cür alıcıların "bayram"ı olur. Çünki satmaq istədikləri evlə almaq istədikləri evlər arasındakı qiymət fərqi azalır. Məsələn, əgər əvvəl istədiyi evi almaq üçün satdığı evin üstünə 50 min manat qoyurdusa, qiymətlər düşəndən sonra əlavə edəcəyi məbləğ, təqribən 35-40 minə kimi azalır. Bu cür strategiya bütün hallarda uğurludur və demək olar ki, itkisizdir. Çünki əgər qiymətlər yenə düşməkdə davam etsə, bu cür alıcılar çox az itirir. Belə ki, aldığı ev qiymətdən düşsə deməli əvvəl satdığı ev də qiymətdən düşür".
Ekspert əlavə edir ki, keçən ilin yayından etibarən bəzi investorlar qiymət enməsi ilə bağlı tendensiyadan ehtiyat edərək əmlakları satırdılar: "Qiymətlər xeyli düşdüyündən hazırda onlar üçün əmlak satışı sərfəli deyil. Daşınmaz əmlaklar ucuzlaşanda investorlar bazarda ən aktiv alıcılardan olurlar. Hazırda bazarda investorlar xeyli azdır. Bir çoxları hesab edir ki, bu gözləmə mövqeyi ilə bağlıdır. Bəzi investorlar üzrə bu, həqiqətən də belədir. Ancaq nəzərə almaq lazımdır ki, daşınmaz əmlakla bağlı əməliyyatlara vergi nəzarəti gücləndirildikdən sonra xeyli investorun bazara yenidən qayıtması sual altındadır".
"Hazırda bazarda gəlirlilik (icarə haqqının əmlakın bazar dəyərinə olan nisbəti) əmlakın növündən və təyinatından asılı olaraq 4-6 faiz təşkil edir. Bu cür investorlar üçün bazara daxil olmaq bir qədər sərfəlidir. Ancaq son zamanlar, vergi nəzarətinin gücləndirilməsi həmin əmlakın gələcəkdə sərfəli şəkildə satışını sual altına qoyur. Bu isə həmin investorların bazara marağını xeyli azaldıb", - deyə R.Əliyev qeyd edir.
Onun dediyinə görə, bazarda mənzil almaq istəyən digər qrup isə gələcək tələbatını ödəmək istəyənlərdir: "Bu cür alıcılar uzaq gələcəkdə istifadə üçün, məsələn, övladları üçün, daşınmaz əmlak əldə edənlərdi. Son zamanlar bu cür alıcılar azalmağa başlayıb".
.