Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının "qaynar xətti”nə Ebola virusuna görə müraciətlər artıb.
Bu məlumatı virtualaz.org saytına stansiyanın direktor müavini Şaiq Qurbanov verib.
Ş.Qurbanov bildirdi ki, stansiyaya artıq 8 nəfər müraciət edib: "Virusla bağlı məlumatlardan təşvişə düşənlər zəng edərək bu xəstəliyə yoluxub-yoluxmadıqlarını öyrənmək istəyirlər. Zəng vurub hərarəti olduğunu, özlərini yaxşı hiss etmədiklərini deyirlər. Başa salırıq ki, xarici ölkələrə getməyən, xaricdən gələn xəstə insanlarla təmasda olmayanlar bu virusa yoluxa bilməzlər. Bu cür izahat işi aparmaqla çalışırıq ki, havaların kəskin dəyişməsi ilə artan qrip və ya soyuqdəymə əhali arasında Ebola təşvişinə səbəb olmasın”.
Direktor müavini Azərbaycanda Ebola təhlükəsinin olmadığını dedi: "Əhalinin məlumatlandırılması və xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxslərin aşkarlanması üçün tədbirlər görülür. Ebola virusunun Azərbaycana keçmə ehtimalı yoxdur. Çünki Azərbaycanın xəstəliyin qeydə alındığı ölkələrlə əlaqəsi zəifdir. Ola bilər ki, o ölkələrdə Azərbaycanda bir-iki nəfər gəlsin. Amma sərhəd-keçid məntəqələrində Dövlət Karantin Müfəttişliyi tərəfindən nəzarət gücləndirilib. Ölkəyə gələnlərin hərarəti yoxlanılır, həkim nəzarəti həyata keçirilir. Qaydalara görə, ölkəyə gələnlər hər gün yaşadıqları ərazidəki poliklinikaya gedib həkim nəzarətindən keçməlidir. İnsanlar bilsinlər ki, Ebola virusu ilə bağlı həyata keçirilən tədbirlər də profilaktik məqsəd daşıyır”.
Qeyd edək ki, səhiyyə nazirinin müavini Abbas Vəlibəyov Ebola virusu ilə bağlı əmr imzalayıb. Bakıda isə virusa yoluxmaqda şübhəli bilinən xəstələrin yerləşdirilməsi üçün xüsusi palatalar yaradılıb.
.