İsrailin Qəzza sektorunda apardığı hərbi əməliyyatlara etiraz olaraq Yaxın Şərqdə və bəzi Avropa ölkələrində on minlərlə insanın qatıldığı aksiyalar keçirilir.
Bu aksiyalarda diqqətçəkən məqamlardan biri də İsrail bayraqlarının kütləvi şəkildə yandırılmasıdır. Dünəndən etibarən Livan, İndoneziya, Malayziya, Yəmən və digər ölkələrdəki etiraz aksiyalarında İsrail bayraqlarının yandırılmasına başlanılıb. Afinada aksiya keçirən müsəlmanlar da İsrailə etirazlarını bu yolla ifadə ediblər.
"İsrail bayraqları Azərbaycanda da yandırılacaq”.
Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan İslam Partiyası (AİP) Ali Məclisinin üzvü, Nardaran ağsaqqalı Natiq Kərimov deyib.
N.Kərimovun sözlərinə görə, AİP üzvləri və Nardaran qəsəbəsinin sakinləri Ramazan ayının sonuncu cümə günü İsrailin Fələstinə hərbi təcavüzünə qarşı etiraz mitinqi keçirəcəklər.
"Məlum olduğu kimi, imam Xomeyni Ramazan ayının sonuncu cümə gününü Qüdsün (Yerusəlim-red.) azadlığı günü elan edib. Biz hər il Ramazanın sonuncu cümə günü Nardarandakı İmam Hüseyn meydanında böyük mitinq keçiririk. Dünya İsrailin Fələstində törətdiyi cinayətlərə göz yummamalıdır. İsrail müsəlman xalqlarına qarşı əsrlər boyu terror törədib. Bu terrorçu dövlətin qarşısını almağın vaxtı çoxdan çatıb. İsrail, Ermənistan və vəhhabilər müsəlman dünyasının düşmənləridir. Buna görə də bütün İslam dünyası onlara qarşı birləşməlidir. Biz həmin mitinqdə İsrail bayraqları ilə yanaşı Ermənistan bayraqlarını da yandıracağıq” - deyə Natiq Kərimov bildirib.
Qeyd edək ki, İsrail iyulun 8-dən etibarən Qəzza sektorunda HƏMAS-a qarşı əməliyyatlara başlayıb. Amma aviazərbələr nəticəsində 100-dən çox dinc sakin, əsasən də uşaqlar və qadınlar həlak olub.
.