Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tikinti obyektlərində yoxlama aparıb.
Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat veriblər.
Xəbərdə deyilir ki, "Təhlükəsiz iş həftəsi” çərçivəsində iş yerlərində əmək qanunvericiliyinə, habelə əməyin mühafizəsi qaydalarına əməl olunması vəziyyətinin yerindəcə araşdırılması məqsədilə sentyabrın 19-da yoxlamalar aparılıb.
Yoxlamalar zamanı "Alpina” MMC və "Qaraçay” MMC-yə məxsus tikinti obyektində çalışan işçilərin onların həyat və sağlamlığı üçün təhlükəli olan, bədbəxt hadisələrin baş vermə riskinin qarşısının alınması üçün zəruri tədbirlərin görülmədiyi, əməyin mühafizəsi qaydaları və normalarının ciddi şəkildə pozulduğu bir şəraitdə işlədikləri aydın olub.
Həmçinin təhlükəli iş şəraitində işləmələrinə baxmayaraq işçilər əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmayıblar. Bununla yanaşı işçilərin əksəriyyətinin işəgötürənlə əmək münasibətləri rəsmiləşdirilmədən qanunsuz şəkildə əmək fəaliyyətinə cəlb olunduğu, onların əməyinin qiymətləndirilməsi və ödənilməsinin, iş vaxtı müddətlərinin müəyyən edilməsinin qanunvericiliyə zidd formada həyata keçirildiyi aşkar edilib.
Aşkar edilən hüquq pozuntularına görə Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq bu tikinti obyektlərində işlər nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb.
Bununla yanaşı əməyin mühafizəsi qayda və normalarının kobud şəkildə pozulduğu, işçilərin qeyri-qanuni işə cəlb edildiyi barədə DƏMX tərəfindən şirkətin rəhbərliyinə müvafiq göstərişlər verilib və müvafiq qaydada protokol tərtib edilib.
.