Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı zorlamaqda və qətlə yetirməkdə ittiham olunan Pirallahı rayon sakini, 1983-cü il təvəllüdlü Yakov Çernovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı oktyabrın 30-a təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib. Yakov Çernov qonşuluqda yaşayan 5 yaşlı Nigarı (ad şərtidir-red.) həyətdə tək oynadığını görüb. Onun yanına gələrək Nigara dondurma verəcəyini vəd edib, onu yaşadığı mənzilin ikinci mərtəbəsinə qaldırıb. Bundan sonra Y.Çernov 5 yaşlı qızla təbii və qeyri-təbii yolla cinsi əlaqə olub.
Təqsirləndirilən şəxs həyətdən qonşuların səsinin gəldiyini görərək Nigarı öncə məftillə boğmağa başlayıb. Buna nail ola bilməyən Çernov əli ilə qızın nəfəs borusunu tutaraq boğub öldürüb.
Qatil Nigarı sonra xalçaya bükərək axşamın düşməsini gözləyib. Onun məqsədi qızı gecə həyətdə basdırmaq olub. Polis əməkdaşları hadisədə şübhəli olan Çernovun evində axtarış aparıb. Bu zaman qızın atası həyətdə palaza bükülmüş nəsə görüb. Bükülünü açan ata qızının zorakılıq əlaməti olan meyitini aşkarlayıb. Polis əməkdaşları Y.Çernovu saxlayıblar.
Y.Çernov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunur.
.
