Ekoloji hüquqpozmalara qarşı mübarizə davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin iyun ayında paytaxtın Nəsimi rayonunun M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yaşıllıqların məhv edilməsinə dair vətəndaşların müraciəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş materiallar və mediada yayılan məlumatlar əsasında araşdırma aparılıb.
Araşdırmalarla, göstərilən ərazidə ümumilikə 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulması müəyyən edildiyindən fakta görə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərin sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Həmçinin, həmin ərazidə 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları üzrə mediada yayılan məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb və Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddələri (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxil işlər orqanlarına göndərilib.
Qeyd olunur ki, 2023-cü ilin avqust-dekabr ayları ərzində baş verən bir neçə qanunsuz ağackəsmə faktları nəticəsində təbiətə dəymiş 371 min manatdan artıq ziyanın Baş Prokurorluq tərəfindən dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.
Hazırda qeyd olunan cinayət işləri üzrə ibtidai istintaq davam etdirilməklə, qanun pozuntularına yol vermiş şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunması təmin ediləcək.
.