İyulun 26-da saat 11:00-dan etibarən Bakı üzrə valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə start veriləcək.

Təhsil Nazirliyindən verilən xəbərə görə,18 iyul saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə start verilib. Proses 14 sentyabr tarixinədək davam edəcək. Uşaqların qəbulu məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə həyata keçirilir.

Valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesi mərhələli şəkildə həyata keçirilir. Yekun olaraq avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqlarının məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.

Valideyn (qanuni nümayəndə) tərəfindən yerləşdirilmiş növbələr 1 ay müddətində boş yerlər olduğu halda sorğuya çevriləcək. Valideyn (qanuni nümayəndə) sorğusu qəbul edildikdən sonra 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu sistem tərəfindən silinəcək və növbəli şəkildə başqa uşağın qəbulu aparılacaq.

Elektron qəbul sistemi 15-21 sentyabr 2022-ci il tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.

Məlumat üçün bildirək ki, iyulun 22-də saat 11:00-dan etibarən ilk olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) valideynlər tərəfindən uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılması prosesinə başlanılıb.

.