Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) artıq jurnalistlərə hər hansı bıçaqlanma, yaralanma, intihar kimi hallarla bağlı məlumat verməyəcək. Məlumat yalnız bayram günlərilə bağlı verilə bilər.
Bu barədə Modern.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib:
"Baş həkim Mürsəl Həmidov dünəndən etibarən bizə jurnalistlərə məlumat verməyə qadağa qoyub. Səbəb isə qızı intihar edən bir ananın zəngi olub. O bildirib ki, ANS-in Ziya adlı əməkdaşını və təcilli yardımı məhkəməyə verəcək. Çünki onlar intihar edən qızın adını və soyadını efirdə bildiriblər. Biz müxbirə ad və soyad verməmişik. Sadəcə, bizdən qızın soyadının sonluğunun "zadə”, yoxsa "ova” olmağını dəqiqləşdiriblər. Ana təcili yardımı qızının adının açıqlanmasında günahlandırır. Amma ANS adı hüquq-mühafizə orqanlarından götürüb, bizə zəng edərkən artıq ad və soyad onlara bəlli idi”.
.