Bir müddət əvvəl azvision.az saytı paytaxt Bakıda fəaliyyət göstərən "London taksiləri”nin etirazı ilə bağlı reportaj hazırlamışdı.
Avqustun 14-də "Deputatların inanmadığı sürücülərin etirazı...” başlıqlı həmin yazıdan sonra "Bakı Taksi Şirkəti MMC"-nin rəhbərliyi qəzəblənərək sürücüləri cəzalandırıb.
Mətbuata etirazlarını bildirdikləri üçün sürücülərə irad tutan şirkət rəhbərliyi reportajda müxbirlə həmsöhbət olan iki sürücünü işdən azad edib.
Şirkət rəhbərliyi bütün sürücülərə xəbərdarlıq edərək mətbuata çıxmamağı, narazılıqlarını gizlətmələrini tapşırıb. Əks halda onların da işdən azad olunacaqlarını bildirilib.
Sayt "Bakı Taksi Şirkəti MMC" ilə əlaqə saxlamağa çalışsa da, şirkətdən onların suallarına cavab verən tapılmayıb.
Qeyd edək ki, bir az əvvəl "London taksiləri”ndə gündəlik planın 28 manatdan 34 manata qaldırılması sürücülərin etirazına səbəb olmuşdu.
Sürücülər çarəsiz vəziyyətdə qaldıqlarını dilə gətirərək şirkət rəhbərliyinə etirazlarını bildirmişdiıər. Onlar indi də Nəqliyyat Nazirliyinə müraciət edərək bu özbaşınalığın aradan qaldırılmasını xahiş edirlər.
.
