
Yanvarın 16-da Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
Modern.az-ın məlumatına görə, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları tərəfindən cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə olunub.
İl ərzində prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanıb. Paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.
Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran əsas problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanıb. Bildirilib ki, il ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisələri, bağlı qalmış cinayətlərin sayı azalıb. Həmçinin, müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruru tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.
Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlara da diqqət yetirilərək 2013-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 29 quldurluq cinayətlərinin açılmaması narahatçılıq hissi ilə qeyd edilib. Həmin cinayətlərin tezliklə açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün intensiv və məqsədyönlü istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi, bu məqsədlə xüsusən də, kriminalistika xidməti işinin daha da gücləndirilməsi vurğulanıb. Şəhər prokuroru tərəfindən bu istiqamətdə zəruri göstərişlər verilmiş, prokurorluq, daxili işlər orqanlarının istintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.
Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunmuş, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.
Müşavirədə şəhər prokurorunun müavini Azər Əsgərov, şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Mircavan Kazımov və rayon prokurorları çıxış edərək, müxtəlif təkliflər irəli sürüblər.
Əməliyyat müşavirəsinə şəhər prokuroru Əziz Seyidov yekun vuraraq, tapşırıqlar verib.
.