Tağı Əhmədovun Bakı Metropoliteninin rəisi vəzifəsindən çıxarılması gündəmin əsas müzakirə mövzularından olaraq qalır. Xatırladaq ki, dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Bakı Metropoliteni və "Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Son günlər yerli mətbuatın verdiyi məlumata görə, Zaur Hüseynovun ilk işi metropoliteni Tağı Əhmədova yaxın şəxslərdən təmizləmək olacaq. Qeyd edək ki, keçmiş rəisin qohumları və ona yaxın şəxslər metropolitendə mühüm postlarda çalışırlar. Metrodakı ticarət Tağı Əhmədova yaxın şəxslərin nəzarətindədir.
Bu arada keçmiş rəisin işdən çıxarılmasının səbəbləri ilə bağlı maraqlı məlumat əldə etmişik. Məlumatda deyilir ki, Tağı Əhmədovun "vurulmasının” bir səbəbi də mətbuata verdiyi açıqlamalarda "yuxarılar”ın ciddi narazılığına səbəb fikirlər səsləndirməsidir. Bu sırada əsasən onun Gülər Əhmədova məsələsinə münasibət bildirərkən səsləndirdiyi fikirlər gəlir. Tağı Əhmədov press24.az-a belə demişdi: "Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq. Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra hakimi ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək”.
Bundan başqa o, 28 may metrostansiyasından Məhəmməd Əmin Rəsulzadənin təsviri olan mozaikanın sökülməsinə aydınlıq gətirərkən bildirmişdi: "Mən icraçıyam. Mənə desələr ki, sizin şəklinizi vurmaq lazımdır ora, onu qoyacam”.
Bildirilir ki, Tağı Əhmədovun işdən çıxarılmasında məhz bu fikirlər də mühüm rol oynayıb.
.
