Avropa Azərbaycan Cəmiyyəti (TEAS) 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr edilmiş "Azərbaycan - idman foto obyektivdə” adlı fotomüsabiqə keçirir. Cəmiyyətdən virtualaz.org-a verilən məlumata görə, Avropa Oyunlarının təşkilatçısı – "Bakı 2015” rəsmi olaraq bu fotomüsabiqəni dəstəkləyir.
Müsabiqəyə hər janrda fotoşəkillər təqdim oluna bilər. Mövzu Azərbaycanın təqdimatı və idmanın müxtəlif növləri ilə bağlı olacaq. Seçim turunda idman yarışlarının dəyərini və ruhunu əks etdirən fotolara üstünlük veriləcək.
Qaliblərin seçilmiş işləri Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərdə - London, Paris, Berlin, Brüssel, İstanbul və Bakıda nümayiş etdiriləcək. Münsiflər heyətinə beynəlxalq səviyyədə tanınmış xarici və yerli fotoqraflar daxildir.
Qalib peşəkar və həvəskar fotoqrafları bu müsabiqədə mükafatlar gözləyir. Bu mükafatlara Bakıya təyyarə bileti (gediş-gəliş) və mehmanxanada qalmaq üçün yer, 2015-ci il I Avropa Oyunlarını izləmək üçün bir həftəlik giriş bileti, yarışlar zamanı Bakıda maraqlı həftəsonu keçirmək imkanları, oyunlara bir günlük giriş bileti və İPad daxildir.
Əgər qalib Bakıdandırsa, o zaman o, Paris, London, Berlin, Brüssel və ya İstanbul şəhərlərinə təyyarə bileti (gediş-gəliş) qazanacaq.
Müsabiqənin şərtləri ilə ətraflı tanış olmaq üçün bu keçidi ziyarət edə bilərsiniz: www.teas.eu/azerbaijan-sport-in-focus.
.