
Məhəmməd Məmmədov daha bir iri korrupsiya layihəsinə imza atıb
"Bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq”.
Bu fikirləri prezident İlham Əliyev dəfələrlə səsləndirib. Lakin buna baxmayaraq, bəzi məmurlar nəticə çıxarmaq əvəzinə öz korrupsiya və rüşvətxorluq fəaliyyətini heç kimdən çəkinmədən davam etdirirlər. Belə məmurlardan birinin də "Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun olduğu heç kimə sirr deyil. Maraqlıdır ki, dövlət başçısı İlham Əliyevin Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsindəki xidmətlərinə görə "Əməkdar Mühəndis” fəxri adı ilə təltif etdiyi Məhəmməd Məmmədov korrpusiya əməllərinə görə, kifayət qədər mətbuatın hədəfinə gəlib. Amma nədənsə "Aztelekom” rəhbərinin kimsə belə "xətrinə dəyməyib”. Görünür Məhəmməd Məmmədov peşəkar "korrupsiya ustası” olduğuna görə, kənarda qala bilib. Bu gün isə Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, "Aztelekom” İstehsalat Birliyində milyonlarla vəsaitin talanması barədə infoAZ.org-a növbəti ilginc məlumatlar daxil olub. Məlumatlara görə, ötən il Məhəmməd Məmmədov tender adı altında daha bir iri korrupsiya layihəsinə imza atıb. Belə ki, 2013-cü ilin təxminən may-iyun aylarında "Aztelekom” İstehsalat Birliyinin inzibati binasının və binada yerləşən Beynəlxalq Avtomat Telefon Stansiyasının yenidən qurulması, o cümlədən otaqların təmiri üçün tender elan edib. Deyilənə görə, tenderin qalibi elə Məhəmməd Məmmədova yaxın olan şəxslərin biri olub. Mənbənin sözlərinə görə, yuxarıda sadalanan yeni təmir və quruculuq işləri 75-80 min manat olduğu halda 4 milyon manat göstərilib. Sanki elə bir Məhəmməd Məmmədov "Aztelekom” İstehsalat Birliyini yenidən tikir. Təbii ki, quruma il ərzində daxil olan 25-30 milyona yaxın olan vəsaiti mənimsəmək üçün bu cür tenderlərdən və müxtəlif layihələrdən istifadə edilir.
InfoAZ.org-un araşdırmalarından da belə görünür ki, əslində quruma daxil olan pulların taleyi ümumiyyətlə ictimaiyyətdən gizlədilir. Cüzi miqdarda vəsaitlərin hansı ünvana yönləndirilməsi barədə məlumat əldə etmək asan olsa da, iri lahiyyələrin hara xərcləndiyi, şəffaflığı necə təmin olunması qaranlıq qalır. Qurum yalnız internet səhifəsində tenderin elan olunmasını iştirakçıların diqqətinə çatdırır. Ancaq bu təmirərin hansı vəsaitlə necə edilməsi barədə bilgi verilmir. Üstəlik, işlərin görülməsi üçün neçə tikinti-təmir şirkəti tenderdə iştirak edib, qalib hansı meyarla müəyyənləşib, layihənin smeta dəyəri nə qədərdir və bu kimi onlarla sual cavabsız qalır.
.