İranın ölkəmizdəki səfiri Möhsin Pakayin hər il orta hesabla bir milyon Azərbaycan vətəndaşının bu ölkəyə müalicə məqsədilə səfər etdiyini deyib. Bu rəqəm maliyyə baxımından İranın büdcəsinə hər il azərbaycanlıların hesabına milyonlarla əlavə vəsaitin daxil olması deməkdir.
Müalicə məqsədilə xarici ölkələrə gedənlər barədə nə qədər yazılsa da, suallar yenə açıq qalır. Görəsən, həmvətənlərimizi İrana müayinə və müalicəyə getməyə yönləndirən hansı səbəblərdir?
Yenizaman.az-ın azadliq.info-ya istinadən xəbərinə görə, tibb sahəsi üzrə ekspert Rasif Bağırovun fikrincə, bu məsələdə İran səhiyyəsilə bağlı təbliğatın da böyük rolu var. Ekspert azərbaycanlı həkimlərin peşəkarlıq baxımından heç də iranlı mütəxəssislərdən geri qalmadığını vurğulayaraq, xaricə müalicə axınının kökündə dərmanların ucuzluğunun dayandığını düşünür: "Azərbaycanda dərmanlar olduqca bahadır. Təkcə İranla deyil, Türkiyə ilə müqayisədə də bizdə dərmanların çox baha olması burada əsas rol oynayır. Bizdə bir qutuda 30 dərmana verdiyimiz puldan qat-qat ucuz qiymətə Türkiyə və İranda 120-sini almaq olar. Xaricə müalicə getməyin əsas səbəbi budur. Tibbi savad cəhətdən isə azərbaycanlı həkimlərin çoxu heç də iranlı həmkarlarından geri qalmır”.
.