Mustafa Kamal Atatürkün gəmisi olaraq bilinən "Savarona” yaxtası İran əsilli azərbaycanlı iş adamı tərəfindən icarəyə götürülüb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, gəmi ötən ilin 17 dekabrında "korrupsiya və rüşvət əməliyyatları” zamanı saxlanılan, sonradan sərbət buraxılan Rza Zarrab tərəfindən işlədilir.
Mədəniyyət Nazirliyinə muzey kimi istifadə edilmək üçün verilən gəmi sonradan Rza Zərraba aid "Royal Dənizçilik” şirkəti tərəfindən həftəlik 350 min avroya oliqarxlara kirayəyə verilir.
Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) ötən ilin avqust ayında keçirilən iclasında "Savarona”nın alınıb Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilməsi haqda qərar qəbul edilmişdi. Gəminin alınması işi TOBB rəhbərinin müavini və İstanbul Ticarət Birjası sədri Əli Kopuza verilmişdi.
Ə.Kopuz Atatürkün gəmisini 49 illiyinə kirayəyə götürən və işlətdiyi 25 ildən sonra xərcinin çox olması səbəbindən satmaq istəyən Qəhrəman Sadıqoğlu adlı iş adamından təxminən 7 milyon dollara alıb. Gəmi bu ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilib. Nazirlik gəmini muzey olaraq istifadə etməli idi. Lakin gəmi icarəyə verilib.
Əli Kopuz mətbuata açıqlamasında gəminin Mədəniyyət və Turizm Nazirliyinə təslim etdiyini, lakin kirayəyə verilməsindən xəbərsiz olduğunu deyib.
Hazırda Atatrükün gəmisi 3 gündür İtalyanın Sicilyadakı Licata limanındadır.
Xatrıladaq ki, "Savarona” 1938-ci ildə Türkiyə hökuməti tərəfindən alınaraq Mustafa Kamal Atatürkə hədiyyə edilmişdi. O zamanlar vəziyyəti ağır olan və sağlamlığı gün keçdikcə pisləşən Atatürk ölümündən əvvəl gəmidə yalnız altı həftə vaxt keçirə bilmişdi. "Savarona” 1931-ci ilin 28 martında dənizə endirildiyində dünyanın ən böyük yaxtası idi. Hazırda da dünyada ən iri yaxtalardan biri sayılır.
.