Azərbaycanın sərhədyanı və dağlıq ərazilərində yaşayan ailələrin, xüsusilə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditləri veriləcək.
APA-nın xəbərinə görə, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”nda qeyd olunub ki, proqram İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Bank, yerli icra hakimiyyəti orqanları tərəfindən icra olunacaq.
Proqramda bildirilib ki, bu işlər 2014-2025-ci illəri əhatə edəcək.
Layihəyə əsasən, gənc aztəminatlı, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, dövlət uşaq müəssisələrindən məzun olmuş, valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial mənzillər və ya ailə tipli yataqxanalarda yaşayış yeri ilə təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələrin ayrı otaqla təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
.