Azərbaycanın Rus İcması Gəncə şəhərindən sona ikinci humanitar tədbirini Şəki şəhərində keçirib. Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycanın Rus İcmasının və «Ruskiy Dom» Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin  Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə 20 nəfər birinci sinifə gedən şagirdlərə dərs ləvazimatları ilə dolu məktəbli cantaları paylanıb.

Azərbaycanın Rus İcmasından  «İki sahil»ə verilən məlumata görə, tədbir iştirakçıları, o cümlədən birinci sinif şagirdləri ulu öndər Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin, «Ruskiy dom»  Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndəsi Dmitri Yeqorov və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edənlər ölkəmizdə təhsil sahəsində aparılan uğurlardan və Prezident İlham Əliyevin insan kapitalının formalaşması üçün böyük layihələri reallaşdırılmasından danışıblar. Onlar bildiriblər ki, təhsil hər bir millətin və dövlətin tərəqqisi üçün əsas amildir.

Tədbirin əsas təşkilatçısı Mixail Zabelin «İki sahilə»ə  bildirib ki, məktəblilərə diqqət və qayğı bundan sonra da davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycanın Rus İcması iki qonşu dövlətin- Azərbaycanla Rusiyanın iqtisadi və siyasi əməkdaşlığının möhkəmlənməsinə dəstək verən bir təşkilatdır. İcmanın üzvləri , o cümlədən rus əsilli vətəndaşlarımız Azərbaycanın uğurları və inkişafı üçün həmişə önəmli siyasi və ictimai fəaliyyətləri ilə fərqləniblər.   

Bu təşkilat həmçinin ölkəmizdə daim humanitar tədbirlərin keçirilməsində fəallıq göstərir. İkinci Qarabağ savaşında Azərbaycan Ordusuna maliyyə dəstəyi göstərən Azərbaycanın Rus İcması müharibədən sonra da şəhid ailələrinə və qazilərə sosial- humanitar dəstəyini davam etdirir.   

.