Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki baş konsulu ukraynalı həmkarının etirazlarına qoşularaq rəmzi Sülh xiyabanında ağac əkməkdən imtina edib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Sülh xiyabnının salınmasına bu gün Yekaterinburqdan 40 km aralıdakı qəsəbədə - "Avropa-Asiya” xatirə lövhəsinin vurulduğu yerdə başlanılıb.
Bu aksiya BMT Baş Assambleyası tərəfindən təsis edilmiş Beynəlxalq Sülh gününə həsr olunmuşdu. Təntənəli mərasimdə Uralın paytaxtındakı bütün diplomatik nümayəndəliklərin rəhbərləri, həmçinin Sverdlovks vilayətinin baş naziri Denis Pasler, vilayətin xarici iqtisadi əlaqələr naziri Andrey Sobolev, Rusiya XİN-in Yekaterinburqdakı nümayəndəsi Aleksandr Xarlov iştirak ediblər.
ABŞ-ın Yekaterinburqa yenicə təyinat almış baş konsulu Markus Mikeli də tədbirə qatılıb. Ukraynanın Uraldakı diplomatik missiyasının nümayəndələri isə mərasimə gəlməkdən imtina ediblər.
"Pasler, Sobolev və Xarlov Ukraynanın baş konsulu Bondarenkonun olmadığı şəraitdə Ukrayna xalqına sülh və əmin-amanlıq arzusunun qeyd olunduğu lövhənin altında ağac əkiblər” - deyə Sverdlovsk vilayəti Nazirlər Kabinetindəki mənbə deyib.
Bondarenkodan savayı Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımov da mərasimə qatılmayıb.
Lakin azərbaycanlı diplomat deyib ki, o, bu tədbirə üzrlü səbəbdən qatıla bilməyib: "Mən hazırda Rusiya-Azərbaycan forumunun hazırlıqları ilə məşğulam”.
.
